Elmar Baxşıyev: "Bu gün zəif çıxış etdik"
Bu gün “Araz-Naxçıvan” UEFA Konfrans Liqasının təsnifat mərhələsinin III turunda ilk qarşılaşmasına çıxıb. Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda Kiprin “Omoniya” klubu ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
90plus.az verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
“Çətin qarşılaşma oldu. Komanda şəklində rəqibə müqavimət göstərə biləcəyimizi düşünürdük. “Omoniya”nın təcrübəli kollektiv olduğunu bilirdik. Təəssüf ki, zəif çıxış etdik. Bu reallıqdır və qəbul edilməlidir. Belə səviyyəli oyunlarda edilən səhvlər mütləq nəticəyə təsir edir. Ola bilər yanaşmamızda çatışmazlıqlar olub, amma yola davam etməliyik.”
Nəticənin səbəbi
“Yenə Ribeyrodan danışılacaq. Amma qeyd edim ki, Ribeyro artıq 'Neftçi'nin oyunçusudur və bu mövzu bizim üçün bağlanıb. Sadəcə oyunumuz istədiyimiz səviyyədə olmadı. Təkcə müdafiəçilər deyil, bütövlükdə müdafiə baxımından komandamız zəif çıxış etdi.”
Oyun stilinin dəyişməsi
“Futbolda ‘bir az’ anlayışı olmur. Burada ümumi yanaşma önəmlidir. Mən bu komandaya ilk gündən hücum yönümlü oyun fəlsəfəsini aşılamaq istəmişəm. Hazırlıqlar da yalnız hücum üzərində deyildi. İki mərhələli hazırlıq aparmışdıq, amma istədiyimiz nəticəni ala bilmədik.”
Fasilədə oyunçularla məsləhətləşmə
“Bəzən çalışırsan, amma alınmır. Bu oyun da elə qarşılaşmalardan biri idi. Hansısa dəyişikliyə getsək belə, vəziyyəti dəyişmək mümkün olmadı. İlk hissə ilə ikinci hissə arasında ciddi fərq görünmədi. Komanda olaraq uduzduq və bu həqiqəti qəbul etməliyik.”
Bolinin zədəsi
“Ciddi bir şey deyil. Zədəsi elə ağır deyil.”
© Copyright 2026, All Rights Reserved