Elmar Baxşıyev: “Daha artığını edə bilərik”
Elmar Baxşıyev: “Qələbə bizi arxayınlaşdırmamalıdır, potensialımız daha böyükdür”.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris” üzərində 2:1 hesablı tarixi qələbə qazanan “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında görüşü dəyərləndirib.
“Layiqli qələbə qazandıq”
Təcrübəli çalışdırıcı rəqibin keyfiyyətli oyun sərgilədiyini etiraf etsə də, komandasının oyuna düzgün yanaşaraq qələbəni haqq etdiyini bildirib:
“Çox yaxşı, dinamik bir oyun oldu. Rəqibin bizə nə təqdim edəcəyini bilirdik. İntizamlı və yaxşı təşkilatlanmış komandadır. Amma biz oyun planına sadiq qalaraq, komanda şəklində düzgün yanaşma sərgilədik və layiqli qələbə qazandıq. Futbolçular həm taktiki, həm də xarakter baxımından güclü olduqlarını göstərdilər.”
Boşa verilən imkanlar və emosiyalar
Baxşıyev bir neçə təhlükəli qol fürsətindən yararlana bilməmələrini futbolçuların emosiyalarına bağlayıb:
“Bunlar ustalıq çatışmazlığı ilə bağlı deyil. Futbol emosiyalar oyunudur. Hisslərin önə keçməsi mümkündür. Əsas odur ki, o epizodlara girə bilmişik – bu alqışa layiqdir.”
Mübahisəli penalti və hakim qərarı
Komandası buraxdığı qolda penalti qərarının verilməməsini də qeyd edən baş məşqçi VAR sisteminin vacibliyini vurğulayıb:
“VAR-ın tərəfdarıyam və epizodu izləyəndə gördük ki, penalti idi. Amma hakim fərqli qərar verdi. Hakimlikdən çox danışmaq istəmirəm. Əgər bu oyunu buraxıb hakimləri müzakirə etsək, komandanın əməyinə kölgə salmış olarıq.”
Azarkeş dəstəyinə təşəkkür
Baxşıyev azsaylı, amma sadiq azarkeş dəstəyini xüsusi vurğulayıb:
“Stadionda atmosfer çox yaxşı idi. Qol buraxdıqdan sonra da azarkeşlər bizi tək qoymadılar və komandaya dəstək verdilər.”
“Məni qələbədən çox oyunçuların yanaşması maraqlandırırdı”
Baş məşqçi nəticədən çox futbolçuların meydanda göstərdiyi məsuliyyətli yanaşmanı ön plana çəkib:
“Futbolçularım qələbə üçün deyil, verilən tapşırıqları yerinə yetirmək üçün çalışırdı. Özlərinə güvənirdilər. Bu mənim üçün daha önəmlidir. Əla idikmi? Yox. Amma günü-gündən daha da yaxşılaşırıq. Meydana çıxan oyunçulardan 5-i yenidir və hələ uyğunlaşma mərhələsindədir.”
Cavab oyunu və təcrübə amili
Baxşıyev komandasının cavab görüşünə hazır olduğunu və təcrübəli heyətə malik olduqlarını bildirib:
“Heyətimiz gənc deyil. Avrokubok təcrübəsi olan oyunçularımız var. Səfər ab-havasının təsir edəcəyini düşünmürəm. Komanda olaraq buna hazırıq.”
“Naxçıvanda oynamaq istəyirik”
Elmar Baxşıyev “Araz-Naxçıvan”ın doğma şəhərində avrokubok matçlarına çıxmaq arzusunu da dilə gətirib:
“Biz də istəyirik ki, Naxçıvanda oynayaq. Bu, mənim qərarım deyil. Əgər razılıq olarsa, sevinərik. Naxçıvanda da futbola böyük maraq var. Bu turnirdə iştirakla bir çox insanı təəccübləndirdik. Artıq ilk qələbəmizi də qazandıq. Hədəfimiz pillə-pillə irəliləməkdir.”
Patrik Andrade və komanda ab-havası
Baş məşqçi Andrade ilə bağlı suala cavabında komanda daxilində sağlam mühitin olduğunu bildirib:
“Komandada təzyiq yoxdur. Sağlam mühit qurmuşuq. Futbolçular bunu hiss edir. Potensialımız bununla məhdud deyil, daha artığını edə bilərik.”
Yerli çempionatla bağlı fikirlər
Baxşıyev sonda Azərbaycan Premyer Liqası ilə bağlı da qısa açıqlama verib:
“Çempionata hələ var. Hazırda əsas diqqətimizi avrokubok oyunlarına yönəltmişik. Amma futbolçularım iddialıdır və çempionatda da yaxşı nəticələr göstərəcəyimizə inanıram.”