Elmar Baxşıyev tarixi qələbədən danışdı
Elmar Baxşıyev: “Yolumuza layiqincə davam edirik”.
90plus.az xəbər verir ki, “Araz-Naxçıvan” UEFA Konfrans Liqasında tarix yazaraq turnirin 2-ci təsnifat mərhələsində Yunanıstanın “Aris” klubunu mübarizədən kənarlaşdırıb və növbəti mərhələyə yüksəlib.
Bakıdakı ilk oyunda 2:1 hesablı vacib qələbə qazanan “Araz-Naxçıvan” cavab görüşündə də sona qədər dirəniş göstərdi. Salonikidəki qarşılaşma 2:2 hesabı ilə başa çatdı və iki oyunun nəticəsinə görə təmsilçimiz mərhələ adladı.
Oyundan sonra baş məşqçi Elmar Baxşıyev jurnalistlər qarşısına çıxaraq komandası ilə qürur duyduğunu ifadə edib:
“Yaxşı oyun izlədik. Hər iki komanda sona qədər mübarizə apardı. Biz isə səfərdə nəyin bizi gözlədiyini bilirdik və hazırlıqlı idik. Bu gün şans bizdən yana oldu”.
Təcrübəli mütəxəssis penalti epizodu ilə bağlı fikirlərini də bildirib:
“Hakim qərarlarını müzakirə etməyi xoşlamıram. Amma qeyd etməliyəm ki, Bakıda bizim xeyrimizə penalti verilməli idi, amma görməzdən gəldilər. Yenə də bunu qabartmadıq. Həm orada, həm burada meydanda sözümüzü deməyi bacardıq. Qırılma nöqtəsi penalti olmadı”.
Rəqibin gücünü etiraf edən Baxşıyev eyni zamanda futbolçularının əzmini xüsusi qeyd edib:
“Aris” yaxşı təşkilatlanmış komandadır. Lakin hər iki oyunda biz daha istəkli idik. Bakıdakı görüşdə dönüşü futbolçularım etdi. Epizodlarımızı yaxşı dəyərləndirdik. Bəzən iki imkan olur və hər ikisini qola çevirirsən – bu da futboldur. Əgər ilk oyuna baxsaq, 5:1 hesabı ilə qalib gəlməli idik. Komanda şəklində çox şeyə nail olduq”.
Elmar Baxşıyevin komandası artıq növbəti mərhələyə köklənib. “Araz-Naxçıvan” 3-cü təsnifat raundunda Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved