Elmar Baxşıyev: “Xahiş edirəm, sabah bizi tək buraxmayın”
Elmar Baxşıyev: “Rəqibə görə sistemi dəyişmirik, öz oyunumuza fokuslanmışıq”.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi Kiprin “Omoniya” klubu olacaq. Qarşılaşma öncəsi baş məşqçi Elmar Baxşıyev keçirilən mətbuat konfransında oyuna hazırlıq və komandasının vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
Təcrübəli mütəxəssis bildirib ki, hazırlıqlar istənilən səviyyədə davam edir:
“Sabahkı oyuna komanda şəklində tam ciddiliklə yanaşırıq. “Omoniya” tanıdığımız rəqibdir, amma əvvəl “Qəbələ” ilə qarşılaşdığımız komanda deyil – oyun üslubu fərqlidir. Biz də onu nəzərə alaraq lazımi analizləri aparmışıq və məlumatları futbolçulara çatdırmışıq”.
Elmar Baxşıyev daha çox öz komandasının performansına diqqət yetirdiyini vurğulayıb:
“Rəqibin baş məşqçisinin dediklərinə münasibət bildirməyə ehtiyac görmürəm. Mənim üçün əsas komandamın meydanda nə göstərəcəyidir. Qarşımızdakı rəqib kifayət qədər ciddi və özünə hörmət edən bir komandadır. Amma biz də uğurlu nəticəyə inanan komandayıq”.
Müdafiə xəttində dəyişikliklərin olub-olmayacağı ilə bağlı suala cavab olaraq isə o qeyd edib:
“Bizdə ‘ilk 11-lik’ anlayışı yoxdur. Kimin oynayacağı fərq etməz, hər biri meydana çıxmağa və komandaya faydalı olmağa hazırdır. Sonda seçim edəcəyik, amma hamı eyni hazırlıqla çalışır”.
Sistem dəyişikliyi ilə bağlı verilən suala Elmar Baxşıyev yumorla yanaşıb:
“Əgər sistem dəyişikliyini siz təklif edirsinizsə, biz bu fikirdə deyilik (gülür). Komanda olaraq öz futbol fəlsəfəmiz var və ona sadiq qalacağıq. Rəqibə görə sistemimizi dəyişmirik”.
Baş məşqçi Konfrans Liqasının Liqa mərhələsinə vəsiqə şansları ilə bağlı da fikirlərini bölüşüb:
“Hazırda düşüncəmiz yalnız sabahkı matçadır. Addım-addım irəliləməliyik. Əgər alınacaqsa, biz də o mərhələyə yüksələcəyik. Amma əsas odur ki, bu qarşılaşmaya maksimum diqqət ayıraq”.
Sonda Elmar Baxşıyev azarkeşlərə müraciət edərək onların dəstəyini vacib hesab etdiyini bildirib:
“Stadiona gələn azarkeşlər bizim üçün 12-ci oyunçudur. Yunanıstanda oynayarkən dolu tribunaların təsiri hiss olunurdu. İndi bizim futbolçular da həmin enerjini yaşamaq istəyirlər. Azarkeşlərdən xahiş edirəm, sabah bizi tək buraxmasınlar. Biz də onları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd: “Araz-Naxçıvan” – “Omoniya” oyunu sabah, avqustun 7-si saat 20:00-da “Liv Bona Dea Arena”da baş tutacaq.