Enzo Fernandes sevindiyindən: “MY F***ING TEAM”
Enzo Fernandes “Çelsi” ilə Klubların Dünya Çempionu olduqdan sonra göz yaşlarını saxlaya bilmədi.
90plus.az xəbər verir ki, “Çelsi”nin Klubların Dünya Çempionatını qazanması Enzo Fernandes üçün emosional anlara səbəb olub. Final fitindən sonra meydanda göz yaşlarına boğulan futbolçu, sonradan sosial şəbəkələrdə coşqu ilə bu uğuru qeyd edib.
“Çelsi” finalda Nyu-Cersidə PSJ-yə qarşı gözlənilməz şəkildə 3:0 hesablı inamlı qələbə qazanaraq Çempionlar Liqasının hazırkı qalibini turnirdən məğlub ayrılmağa məcbur etdi. Komandanın gənc ulduzu Koul Palmer dubl etdi, yay transferi Joao Pedro isə üçüncü qolla möhtəşəm gecəyə son nöqtəni qoydu.
Turnirin qalibi kimi ABŞ-ni tərk edən London təmsilçisi bu uğura görə 84,7 milyon funt sterlinq mükafat qazandı. Bu gəlir artıq “Brayton”dan transfer olunmuş Pedro və “İpsviç Taun”dan alınmış Liam Delapın transferlərinin maliyyələşdirilməsində ciddi rol oynayıb.
Turnirin əvvəlində yenilənmiş formatı ilə bağlı suallar olsa da, futbolçular üçün bu kubokun çox şey ifadə etdiyi açıq şəkildə hiss olundu.
Argentina millisi ilə dünya çempionu olan yarımmüdafiəçisi Enzo Fernandes “MetLife” stadionunda final fitindən sonra göz yaşlarına boğuldu. Daha sonra o, “Instagram”da paylaşdığı şənlik şəkilləri ilə hisslərini bu sözlərlə ifadə etdi:
“MƏNİM LƏNƏTƏ GƏLMİŞ KOMANDAM 💙”
(‘MY F***ING TEAM 💙)
24 yaşlı futbolçu “Benfika”dan 2023-cü ildə 106 milyon funt sterlinq qarşılığında “Çelsi”yə keçmişdi. O, ilk illərində İngiltərədə çətinliklə üzləşdiyini etiraf edib:
“İlk illər mənim üçün çox ağır keçdi. Həqiqətən özümü yaxşı hiss etmirdim. Oyunlarda rahat deyildim. Daha çox məşq etməyə, həftəlik hazırlıqları artırmağa və əlavə çalışmalar etməyə başladım.
Premyer Liqadakı sürət dünyada heç bir yerdə yoxdur. Mənə uyğun deyildi. Birinci il ərzində özümü yaxşı hiss etmirdim. Zədələrim də oldu. Elə buradan işə başladım. Müxtəlif məşqçilərlə əlaqə saxladım, nəhayət, uyğun olanı tapdım. 2-3 həftəyə bədənimdə dəyişiklik hiss etdim, zaman keçdikcə nəticələr gəldi.”
“Bu mövsüm həm fərdi baxımdan, həm də məhsuldarlıq, qollar və titullar baxımından çox yaxşı şeylər qazandığımı düşünürəm. Bu, “Çelsi”yə gələndən bəri axtardığım şey idi.”
“Bilirəm ki, “Çelsi” böyük klubdur və çətin dövrdən keçirdi. Amma klub sahibi mənə gələcəklə bağlı planlarını göstərdi. Bu gün həmin planların bəhrəsini görürük və bu məni çox xoşbəxt edir.”