Cüdoçularımızın qalmaqalı ilə bağlı açıqlama
Cüdo üzrə gənclərdən ibarət yığma komandanın Avropa Kuboku üçün Şimali Makedoniyaya səfəri öncəsi idmançılar Tuncay Şamil və Aslan Kotsoyev arasında xoşagəlməz hadisə yaşanıb.
90plus.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası rəsmi məlumat yayıb.
Federasiyanın açıqlamasına görə, insidentə görə hər iki cüdoçu yarışdan kənarlaşdırılıb və məsələ Nizam-İntizam Komitəsi tərəfindən araşdırılıb:
“Nizam-İntizam Komitəsi idmançılarla fərdi görüşlər keçirib, onların yazılı izahatlarını və təqdim olunan materialları (səs yazılarını) təhlil edib. Bununla yanaşı, onların əvvəllər göstərdikləri davranışlar, intizamla bağlı keçmiş pozuntuları və yığma rəhbərliyinin fikirləri də nəzərə alınıb”.
Komitə Tuncay Şamilin davranışlarının Beynəlxalq Cüdo Federasiyasının Etik Kodeksinə, Azərbaycan Cüdo Federasiyasının Etika Məcəlləsinə və cüdonun əsas prinsiplərinə zidd olduğunu əsas gətirərək, onun milli komandanın heyətindən müddətsiz uzaqlaşdırılmasına və beynəlxalq yarışlarla təlim-məşqlərdə iştirakına qadağa qoyulmasına dair qərar verib.
Xatırlatma: Tuncay Şamil əvvəllər də intizam pozuntularına görə müxtəlif yarışlardan kənarlaşdırılmışdı.
Federasiya qeyd edir ki, idmanda əxlaq, intizam və səbirlilik mühüm dəyərlərdir və idman potensialı bu prinsiplərin üzərində qurulmalıdır. Azərbaycan Cüdo Federasiyası gələcəkdə də bu əsaslara və cüdonun şərəf kodeksinə sadiq qalacağını bəyan edir.
© Copyright 2026, All Rights Reserved