FIFA-dan Dünya Çempionatı üçün tarixi addım: Komanda sayı arta bilər
FIFA milli komandalar səviyyəsində dünyanın ən nüfuzlu turniri olan Dünya Çempionatı ilə bağlı daha bir önəmli dəyişiklik etməyi planlaşdırır.
90plus.az xəbər verir ki, 2030-cu ildə baş tutacaq turnirdə iştirak edəcək komanda sayı artırıla bilər. 2030-cu ildə Mərakeş, İspaniya və Portuqaliyanın birgə ev sahibliyi edəcəyi Dünya Çempionatı üçün FIFA-nın komanda sayını artırmaq ideyasını qiymətləndirdiyi bildirilir.
Qeyd olunur ki, FIFA prezidenti Canni İnfantino bu məsələ ilə bağlı Cənubi Amerika Futbol Konfederasiyası — CONMEBOL rəsmiləri ilə görüşüb. Turnirdə iştirakçı sayının artırılması üçün məsələ FIFA Şurası tərəfindən qiymətləndirilməli və rəsmi təsdiq almalıdır.
Tarixdə ilk dəfə 1930-cu ildə təşkil olunan Dünya Çempionatı 2030-cu ildə 100 illiyini qeyd edəcək. Yubiley münasibətilə Paraqvay, Uruqvay və Argentinada da birinci mərhələdə bir oyun olmaqla matçlar keçiriləcək. Lakin əsas mərhələdəki qarşılaşmalar Mərakeş, Portuqaliya və İspaniya arasında bölüşdürüləcək.
Xatırladaq ki, bu günə qədər Dünya Çempionatında iştirakçı komandaların sayı bir neçə dəfə artırılıb. 1982-ci ildə komanda sayı 16-dan 24-ə, 1998-ci ildən etibarən isə 32-yə qaldırılmışdı. Gələn il Amerika Birləşmiş Ştatları, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026 Dünya Çempionatında isə rekord sayda — 48 komanda iştirak edəcək.
FIFA-nın növbəti qərarı ilə 2030-cu il Dünya Çempionatının daha da genişmiqyaslı olması və daha çox ölkəyə fürsət yaradılması ehtimal edilir.
© Copyright 2026, All Rights Reserved