Güləş, Avropa Çempionatı: 2 finalımız var
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir. 90plus.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə finalçılar müəyyənləşib. Azərbaycan güləşçilərindən qitə birinciliyinin debütantı Rəşad Məmmədov 55 kq çəkidə finala yüksəlib. Məmmədov həlledici görüşdə moldovalı Artium Deleanu ilə qarşılaşacaq. Murad Məmmədov isə 63 kq çəkidə yarımfinalda rusiyalı Ənvər Allahyarovu xalların keyfiyyətinə görə (3:3) üstələyərək 6 illik fasilədən sonra yenidən Avropa çempionatının finalına yüksəlib. Sumqayıt güləş məktəbinin yetirməsi həlledici görüşdə ukraynalı Oleksandr Xruşinlə qızıl medal uğrunda mübarizə aparacaq. 77 kq çəkidə Sənan Süleymanov mübarizəni dayandırıb. 87 kq çəkidə İslam Abbasov yarımfinala vəsiqə qazansa da, finalın bir addımlığında serbiyalı rəqibi ilə bacarmayıb və bürünc medal uğrunda mübarizə aparacaq. 130 kq çəkidə Beka Kandelaki yarımfinalda dəfələrlə dünya və Avropa çempionu olmuş, 3 qat olimpiya mükafatçısı Rza Kayalpa sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub. O da 3-cü yer uğrunda görüşə çıxacaq. Qeyd : Bu gün 4 idmançımızın həlledici görüşləri olacaq. Bundan başqa bu gün daha 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulacaq. Yalnız Nihat Məmmədli təsnifat mərhələsindən yarışa başlayacaq. Digər dörd güləşçi 1/8 finaldan etibarən çıxış edəcək: 60 kq / Nihat Məmmədli – Nedyalko Petrov (Bolqarıstan) 67 kq / Həsrət Cəfərov – Sebastyan Nad (Serbiya) 72 kq / Ülvü Qənizadə – Giorgi Çxikvadze (Gürcüstan) 82 kq / Rafiq Hüseynov – Alperen Berber (Türkiyə) 97 kq / Murad Əhmədiyev – Tiron Sterkenburq (Niderland) / Daniel Qastl (Avstriya)