"Hayduk"un baş məşqçisi: "Zirə"yə uduzacaq..."
"Hayduk" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
90plus.az xəbər verir ki, Xorvatiya klubunun baş məşqçisi Qonsalo Qarsiya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Qarşılaşma barədə nə deyə bilərsiniz?
– Çətin oyun alındı. Matça bir az gərgin başladıq və "Zirə" ilk fürsətdə bizi cəzalandırdı. İkinci hissədə oyunun idarəsini daha çox ələ aldıq, hesabı bərabərləşdirdik və əlavə imkanlarımız da oldu. Nəticədən ümumilikdə razıyam.
– "Zirə"ni oyundan əvvəl yəqin ki, analiz etmişdiniz. Bugünkü "Zirə" gözlədiyiniz komanda idi?
– Əlbəttə. Dünən də qeyd etmişdim ki, yaxşı "Zirə" görməyi gözləyirdim və bu gün də elə oldu. Onlar uzun müddətdir eyni baş məşqçi ilə çalışırlar. Rəqib çox təhlükəlidir, müdafiədən hücuma sürətli keçirlər, təzyiq yaradırlar və keyfiyyətli futbolçuları var.
– Ötən mövsüm "Zirə" "Osiyek"i penaltilərlə keçmişdi. "Hayduk" bu aqibəti yaşamamaq üçün nə edəcək?
– Qələbə üçün oynayacağıq ki, oyun penaltilərə qalmasın. Bizim də öz oyun tərzimiz var və bu gün bəzi məqamlarda həmin üslubu göstərdik. Hər zaman oyuna nəzarət etməyi hədəfləyirik. Bu, yalnız "Zirə"yə qarşı deyil, bütün rəqiblərlə belədir. Ümid edirik ki, cavab görüşündə qalib gələcəyik.
– "Hayduk" "Zirə"yə uduzsa, bunu normal qarşılayacaqsınız, yoxsa faciə sayılacaq?
– Xeyr, bu futbolun bir hissəsidir. Yolumuza davam edəcəyik. Komandaya yeni qoşulmuşuq və müəyyən dəyişikliklər üzərində işləyirik. Əgər növbəti mərhələyə keçə bilməsək, bunu faciə kimi qiymətləndirməyəcəyik.
© Copyright 2026, All Rights Reserved