İstintaqa cəlb edilən “Fənərbağça” prezidenti danışdı
Ali Koçdan Sadettin Sarana dəstək: “Həmişə ‘Fənərbağça’nın yanındayıq”.
90plus.az xəbər verir ki, "Fənərbağça” İdman Klubunun prezidenti Sadettin Saran barəsində aparılan narkotiklə bağlı istintaq ictimaiyyətdə geniş rezonans doğurub. İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində şübhəli qismində ifadə verən Saran ədliyyə nəzarəti və ölkədən çıxış qadağası tətbiq olunmaqla sərbəst buraxılıb.
İstintaq çərçivəsində Sadettin Saran “narkotik maddə əldə etmək” və “narkotik maddə istifadəsinə şərait yaratmaq” ittihamları üzrə ifadə verib. O, məhkəmə-tibb ekspertizasında saç və qan nümunələri təqdim etdikdən sonra jurnalistlərə açıqlama verib:
“Mən dünyanın ən yaxşı insanıyam? Xeyr. Mükəmmələm? Xeyr. Cinayət törətmişəm? Xeyr. Dövlət məni çağırsa, harada olmağımdan asılı olmayaraq dərhal gələrəm. Biz başqaları kimi davranmayacaq və çağırışa məhəl qoymamağa yol verməyəcəyik.”
Ali Koçdan açıq dəstək
Hadisələrlə bağlı diqqətçəkən açıqlamalardan biri də “Fənərbağça”nın sabiq prezidenti Ali Koçdan gəlib. Jurnalist Sercan Hamzaoğlunun məlumatına görə, Koç qatıldığı tədbirdə Sadettin Sarana açıq dəstəyini ifadə edib:
“Biz camaat içində başqa, tək qalanda başqa cür olmayacağıq. Biz ‘Fənərbağça’nın yanındayıq. Başqalarından fərqli olaraq, klub çətin vəziyyətdə olanda kababxanalara gedib video paylaşmayacağıq. Biz hər zaman ‘Fənərbağça’nın və Sadettin Saran’ın yanındayıq.”
Aziz Yıldırım məsələsi
Ali Koç daha əvvəl klubun uğursuz nəticələr yaşadığı dövrdə sabiq prezident Aziz Yıldırımın əyləncə məkanında görüntülərini sərt tənqid etmişdi. Yıldırım isə bu iddiaları rədd edərək, görüntülərin ad günü mərasimində çəkildiyini bildirmişdi.
Hazırda Sadettin Saran barəsində istintaq prosesi davam edir və məsələ Türkiyə idman ictimaiyyətinin diqqət mərkəzində qalmaqdadır.
© Copyright 2026, All Rights Reserved