Kilian Mbappe Azərbaycanla matç barədə: “Qol vurmağa hazıram”
Mbappe: “Azərbaycanla oyun da İslandiya qədər vacibdir”.
90plus.az xəbər verir ki, Fransa millisinin ulduz futbolçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla qarşılaşma öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Real Madrid”in 27 yaşlı hücumçusu qarşıdakı oyuna ciddi yanaşdıqlarını bildirib:
“Diqqətimizi İslandiyaya yönəltməzdən əvvəl Azərbaycanla matça maksimum ciddiliklə hazırlaşmalıyıq. Hər oyunun öz reallığı var və biz sabah qələbə qazanmalıyıq.”
Mbappe Azərbaycan millisinin son turda Bakıda Ukrayna ilə heç-heçə (1:1) etməsinə toxunaraq, rəqibi dəyərləndirib:
“Azərbaycanla oyun İslandiya ilə matçdan az önəmli deyil. Məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır və bu, hələ reallaşmayıb. Ona görə də sona qədər mübarizə aparmalıyıq.”
Forvard həmçinin fiziki durumunun yaxşı olduğunu və oyunda iştirak etməyə hazırlaşdığını deyib:
“Mən sabah meydanda olmaq istəyirəm, baş məşqçi də buna qarşı deyil. Özümü yaxşı hiss edirəm, ciddi problemim yoxdur. Bu gün son məşqim olacaq və sabah oyuna tam hazır olacağam. İstənilən komandaya qarşı qol vurmağa hazıram.”
📅 Qeyd: Fransa – Azərbaycan görüşü oktyabrın 10-da, “Park de Prens” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
© Copyright 2026, All Rights Reserved