Konfrans Liqası, püşk: “Zirə” və “Araz”ın rəqibləri bilindi
“Zirə” və “Araz-Naxçıvan”ın Konfrans Liqasındakı rəqibləri bəlli oldu.
90plus.az xəbər verir ki, bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb və Azərbaycan təmsilçiləri “Zirə” ilə “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşib. Mərasim İsveçrənin Nyon şəhərində baş tutub.
Hər iki klub səpələnməmişlər səbətində yer aldığından daha yüksək reytinqli komandalarla qarşılaşacaqları gözlənilən idi və bu, öz təsdiqini tapıb.
Püşkün nəticəsinə əsasən, “Zirə” Xorvatiyanın tanınmış təmsilçisi “Hayduk Split”lə qarşılaşacaq.
“Araz-Naxçıvan” isə Yunanıstanın “Aris” klubu ilə üz-üzə gələcək.
UEFA-nın qaydalarına görə, eyni şəhərin iki komandası avrokubok matçlarını eyni gündə evdə keçirə bilməz. Bu səbəbdən tərəflərdən birinin oyun cədvəlində dəyişiklik ediləcəyi gözlənilir. Hazırkı təqvimə əsasən, hər iki klub ilk görüşünü 24 iyulda evdə, cavab oyununu isə 31 iyulda səfərdə keçirməlidir.
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev püşkü belə şərh edib:
“Avrokuboklarda zəif rəqib olmur. Püşkün nəticəsinə hörmətlə yanaşırıq. İndiki mərhələdə əsas hədəfimiz komandanı tam şəkildə formalaşdırmaq və təlim-məşq prosesinə vaxtında başlamaqdır. Rəqibi hələlik analiz etməmişik, amma vaxtımız var. Qarşıdakı günlərdə ‘Aris’in oyunlarını incələyib güclü və zəif tərəflərini dəyərləndirəcəyik.”
© Copyright 2026, All Rights Reserved