Konfrans Liqası: “Sabah” və “Araz-Naxçıvan”ın mümkün rəqibləri bilinib
Konfrans Liqasında pley-off püşkü atıldı – “Sabah” və “Araz-Naxçıvan”ın potensial rəqibləri bəlli oldu.
90plus.az xəbər verir ki, bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatması keçirilib. İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə Azərbaycanın iki təmsilçisi – “Sabah” və “Araz-Naxçıvan” klublarının da bu raunddakı mümkün rəqibləri müəyyənləşib.
Hazırda hər iki komanda turnirin 3-cü təsnifat mərhələsində çıxış edir. “Araz-Naxçıvan” Kiprin yüksək reytinqli klubu “Omoniya” ilə, “Sabah” isə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq.
Püşkatma zamanı bu cütlüklərdən “Omoniya” – “Araz-Naxçıvan” səpələnmişlər səbətində yer alıb. Bu isə o deməkdir ki, həmin cütün qalibi pley-offda UEFA Avropa Liqasından gələcək – “PAOK” (Yunanıstan) – “Volfsberger” (Avstriya) duelinin məğlubu ilə qarşılaşacaq.
“Levski” – “Sabah” cütü isə səpələnməmişlər səbətində yer alıb. Bu cütün qalibi isə son illərin tanınmış klubu “AZ Alkmaar” (Niderland) ilə “Vaduts”un (Lixtenşteyn) duelində qalib gələn tərəflə üz-üzə gələcək.
Əgər Azərbaycan təmsilçiləri 3-cü mərhələni adlaya bilsələr, “Sabah” pley-offdakı ilk oyununu Bakıda, “Araz-Naxçıvan” isə səfərdə keçirəcək.
🔜 Pley-off qarşılaşmaları 21 və 28 avqust tarixlərində baş tutacaq.
© Copyright 2026, All Rights Reserved