Levi Kolvill: "Klublararası Dünya Kuboku Çempionlar Liqasından da vacib ola bilər"
"Çelsi"nin müdafiəçisi Levi Kolvill hesab edir ki, Klublararası Dünya Kuboku yaxın gələcəkdə Çempionlar Liqasından daha önəmli turnirə çevrilə bilər.
90plus.az xəbər verir ki, "Çelsi" bu il Klublararası Dünya Kubokunun finalında PSJ üzərində 3:0 hesablı qələbə qazanaraq turnirin qalibi olub.
Turnirdən sonra danışan Kolvill bu qələbənin onun üçün nə qədər böyük əhəmiyyət daşıdığını belə ifadə edib:
“Turnirin əvvəlində dedim ki, biz bu kuboku qazanmağa gəlmişik, o zaman insanlar mənə dəli kimi baxırdılar. İndi isə Premyer Liqa və Çempionlar Liqası öncəsində yenə eyni şeyi deyirəm.”
“Bu, indiyədək qazandığım ən vacib kubokdur. Məncə, Klublararası Dünya Kuboku gələcəkdə Çempionlar Liqasından daha vacib olacaq və biz onu ilk qazanan komanda olduq.”
“Bu, tarixi bir qələbədir. Əgər biz gələcəkdə də kuboklar qazanmağa davam etsək, hamı bizi layiqincə sevəcək. Amma bunu zaman göstərəcək. Məncə, biz artıq hazırıq — növbəti mövsümdə görəcəyik.”
Kolvill həmçinin komanda birliyinin və klubun keçmiş əfsanələrinin ruhunu davam etdirdiklərini bildirib:
“Biz bir komandayıq; bu, ‘Çelsi’ üçün əsas dəyərlərdən biridir. Nə olursa-olsun birlikdə qalmalıyıq. Con Terri, Frenk Lempard, Didye Droqba kimi oyunçular bunu başlatdı və biz davam etdiririk.”
“Onlar çox kubok qazanan əfsanəvi oyunçular idilər, amma indi bizim də heyətimizdə ən güclü futbolçular var. Məqsədimiz ‘Çelsi’ üçün ən böyük titulları qazanmaqdır. Bizdə buna nail olmaq üçün hər şey var. Məncə, bunu sübut etdik. Hamı deyirdi ki, ‘PSJ’ dünyanın ən yaxşı komandasıdır, amma biz onları 3:0 hesabı ilə məğlub etdik.”
© Copyright 2026, All Rights Reserved