“Levski” tərəfi “Sabah”ın baş məşqçisindən danışdı
Stanislav Gençev: “Dambrauskas ‘Sabah’ın ən güclü tərəfidir”.
90plus.az xəbər verir ki, “Levski”nin sabiq baş məşqçisi Stanislav Gençev UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində bolqar klubunun “Sabah”la qarşılaşacağı matçla bağlı fikirlərini bölüşüb. “Dsport”a danışan Gençev Azərbaycan təmsilçisinin baş məşqçisi Valdas Dambrauskası yüksək qiymətləndirib.
“Çox yaxşı məşqçidir, bunu heç vaxt gizlətməmişəm. Onunla “Ludoqorets”də birgə çalışmışıq və ondan çox şey öyrənmişəm. “Sabah”ın ən güclü tərəfi məhz Valdasdır”, – deyə Gençev bildirib.
Təcrübəli mütəxəssis “Levski”nin daha keyfiyyətli komanda olduğunu düşünsə də, Dambrauskasın taktiki hazırlığının bu cütün taleyində rol oynaya biləcəyini istisna etməyib:
“Onların oyunlarını yaxından izləməmişəm, amma düşünürəm ki, “Levski” fərdi ustalıq baxımından üstündür. Bununla belə, Valdas avrokuboklarda uğur qazanmış, çevik düşüncəyə malik məşqçidir. Həm komandasını, həm də rəqibləri çox dəqiq analiz edir. Oyunun sistemini əvvəldən demək çətindir – istənilən vaxt üçlü və ya dördlü müdafiə ilə çıxış edə bilər. Məsələn, “Ludoqorets”də əsasən 4-3-3 ilə oynayırdıq, amma “Olimpiakos”a qarşı 3-5-2 seçmişdik və onları turnirdən kənarlaşdırmağı bacardıq”.
Gençev həmçinin şəxsi münasibətləri haqda da danışaraq bildirib ki, Dambrauskasla yaxın dostluqları var və bu səbəbdən ondan “Levski” barədə məlumat istəməyib:
“Çox diqqətli insandır. Tez-tez əlaqə saxlayırıq, amma heç vaxt məndən “Levski” haqqında bilgi istəməz. Belə bir addım atmaz, çünki dostluğumuza dəyər verir”.
Qeyd: “Levski” – “Sabah” cütünün ilk oyunu avqustun 7-də Sofiyada, cavab qarşılaşması isə avqustun 14-də Bakıda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved