“Levski”nin baş məşqçisi “Sabah”ın gücündən danışdı
Xulio Velaskes: “Əgər “Sabah”a meydanda azadlıq versək, bizi cəzalandıra bilərlər”.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Levski” (Bolqarıstan) “Sabah”la qarşılaşacaq. Oyundan əvvəl təşkil olunan mətbuat konfransında bolqar klubunun baş məşqçisi Xulio Velaskes rəqib haqda fikirlərini bölüşüb.
Mütəxəssis “Sabah”ın əvvəlki rəqibləri qədər tanınmamasına baxmayaraq, bu amilin onları arxayınlaşdırmayacağını deyib:
““Sabah” bəlkə də APOEL və “Braqa” qədər tanınmır, amma bu bizi çaşdırmamalıdır. Futbolçularıma dedim ki, əgər əvvəlki oyunlara necə yanaşmışıqsa, eyni məsuliyyəti bu dəfə də göstərməliyik. Əks halda, bu, bizim böyük səhvimiz olar”.
Velaskes rəqibi ciddi şəkildə analiz etdiklərini də vurğulayıb:
“Onları araşdırmaq üçün çox vaxt və enerji sərf etmişik. Komandanın əsas heyəti ötən mövsümdən qorunub və istedadlı futbolçulara sahibdirlər. Onların gücü tək-tək oyunçularda yox, komanda oyununun özündədir”.
“Levski”nin baş məşqçisi “Sabah”ın hücumda təhlükəli olduğunu da qeyd edib:
“Əgər onlara topla rahat oynamaq, hücuma çıxmaq üçün imkan versəniz, ciddi problemlər yaşada bilərlər. Meydanın son hissəsində top onlardadırsa, deməli təhlükə var. Buna görə diqqətli olmalıyıq”.
Xulio Velaskes sözlərini komandasında olan inamla tamamlayıb:
“Futbolçularıma inanıram. Hamısı bu oyuna fokuslanıb və nə etməli olduqlarını çox yaxşı anlayırlar. Keyfiyyətimizə güvənirəm və meydanda bunun əksini görəcəyimizə inanıram”.
Qeyd: "Levski” – “Sabah” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin matçı sabah, 7 avqust saat 22:00-da baş tutacaq.
© Copyright 2026, All Rights Reserved