Luis Enrike “Liverpul” qarşısında qorxularını dilə gətirdi
Luis Enrike “Paris Sen-Jermen”in “Liverpul” üzərində ilk oyunda qazandığı 2:0 hesablı üstünlüyə baxmayaraq, komandasını “tələ”yə düşməmək barədə xəbərdar edib.
90plus.az xəbər verir ki, “Liverpul” Avropa turnirlərində möhtəşəm geridönüşləri ilə tanınır və çətin keçən mövsümü xilas etmək üçün elit klub turnirində yarımfinala yüksəlməyə çalışır.
Enrike “Enfild”də keçiriləcək cavab oyunu öncəsi bildirib:
“Çox diqqətli olmaq lazımdır, çünki risklər var və bu, tələ ola bilər.”
İspaniyalı mütəxəssis vurğulayıb ki, futbolda üstünlük çox tez dəyişə bilər:
“Hər kəs deyir ki, ‘ilk oyunu rahat qazandınız…’, amma futbol matçında hər şey çox tez dəyişə bilər.”
O, həmçinin erkən qol buraxmağın qarşılaşmanı yenidən açıq vəziyyətə gətirə biləcəyini qeyd edib:
“İlk hissədə qol buraxa bilərsiniz və oyun yenə də açıq qalacaq.”
Parisdə keçirilən ilk oyunda PSJ üstün oyun nümayiş etdirib. Qolları Dezire Due və Xviça Kvaratsxeliya vuraraq komandalarına rahat qələbə qazandırıblar.
“Biz həmişə etdiyimiz kimi meydana çıxıb qələbə qazanmağa çalışacağıq,” – deyə o vurğulayıb və PSJ-nin hücum futboluna sadiq qalacağını açıq şəkildə göstərib.
İspaniyalı mütəxəssis “Enfild”də komandasını çətin sınağın gözlədiyini etiraf edib:
“Biz bilirik ki, ‘Enfild’ kimi stadionda oynamaq nə qədər çətindir, amma bu həm də motivasiya mənbəyidir.”
O, həmçinin qarşılaşmanın hələ bitmədiyini qeyd edib:
“Bu, yenə də çox gərgin oyun olacaq. Heç də asan olmayacaq.”
© Copyright 2026, All Rights Reserved