Nakamuraya şok məğlubiyyət yaşadan Xaqan Əhməd danışdı
Xaqan Əhməd sensasion qələbədən – Nakamuranı Londonda məğlub etdikdən sonra təəssüratlarını bölüşüb.
90plus.az xəbər verir ki, 13 yaşlı azərbaycanlı şahmatçı Xaqan Əhməd Londonda keçirilən komandalar arasında blits üzrə dünya çempionatında böyük sürprizə imza atıb. Rapid reytinqi 2290 olan yeniyetmə şahmatçımız turnirin favoriti, dünya reytinqində ikinci pillədə qərarlaşan amerikalı Hikaru Nakamura üzərində qələbə qazanıb.
Xaqan bu uğurlu nəticəsi barədə Azərbaycan Şahmat Federasiyasına verdiyi açıqlamada emosiyalarını bölüşüb:
“Bu yarış mənim üçün unudulmaz anlarla yadda qaldı. Nakamura ilə qarşılaşacağımı eşidəndə komandada böyük bir həyəcan yaşandı. Partiyanın əvvəlində təzyiq hiss olunurdu. Rəqib bəzi səhvlərə yol verdi və vəziyyətdən heç-heçə ilə çıxmağa çalışdı. Ancaq üstünlüyü əldən vermədim. Bu, karyeramda belə güclü rəqib üzərində ilk qələbəmdir və ümid edirəm, davamı gələcək”.
Xaqan Əhməd təəssüf hissi ilə bildirib ki, onun çıxış etdiyi “Türk Hava Yolları” komandası turnirin 1/8 finalına vəsiqə qazana bilməyib. Bununla belə, komanda yoldaşlarına və kapitan Özgür bəyə təşəkkür etməyi də unutmayıb:
“Komandamız gənc və istedadlı şahmatçılardan ibarət idi. Yarış boyunca uğurlu nəticələr əldə etdik və müəyyən rezonans yaratdıq. Mənə dəstək olan hər kəsə, xüsusən də Nakamura ilə partiyamı izləyən və məni ilk təbrik edən Rauf Məmmədova təşəkkür edirəm. Bu, mənim üçün çox dəyərli idi. Nakamurayla partiya başa çatandan sonra məni ilk təbrik edən Rauf Məmmədov oldu. Ona görə də Azərbaycan çempionuna çox sağ ol demək istərdim”.
© Copyright 2026, All Rights Reserved