Patrik Andrade: “Hələ də şanslar bərabərdir”
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Aris” üzərində 2:1 hesablı qələbə qazanan “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Patrik Andrade matçdan sonra fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, 32 yaşlı Kabo-Verde millisinin üzvü mövsümə inamlı start verdiklərini bildirib:
“Çox yaxşı oynadıq. Bu, bizim ilk rəsmi oyunumuz idi, amma meydanda özümüzə güvənli təsir bağışladıq. Qələbə qazandığımız üçün komandadakı ab-hava çox yaxşıdır, hamı sevinir.”
Andrade matçın çətinliyinə də toxunub:
“Bilirdik ki, “Aris” zəif komanda deyil. Onların keyfiyyətli heyəti var. Amma biz də az güclü deyilik və bunu meydanda sübut etdik. Hesabda geri düşsək də, ruhdan düşmədik, sona qədər mübarizə apardıq. Düşünürəm ki, qələbəyə layiq idik.”
Yarımmüdafiəçi cavab görüşünün daha gərgin olacağını qeyd edib:
“İndi qarşıda səfər oyunu var. Salonikidəki matç çox çətin keçəcək. “Aris” öz meydanında geridönüş etməyə çalışacaq. Qarşıda bir neçə günümüz var, bu müddətdə yaxşı hazırlaşmalıyıq.”
Qol müəllifi olan Andrade şansların hələ də bərabər olduğunu düşünür:
“Birinci oyunda qalib gəldik, amma fərq cəmi bir topdur. Bu səbəbdən hər şey ikinci matçda həll olunacaq. Məncə, hələ də şanslar bərabərdir.”
Sonda “Araz-Naxçıvan”dakı debütü ilə bağlı fikirlərini də bölüşüb:
“İlk matçımda qələbə qolunu vurmaq mənim üçün sevindiricidir. Oyunumun yaxşı alınmasına və komandaya faydalı olmağıma şadam. Qarşıdakı matçlarda da maksimumumu verməyə çalışacağam.”
© Copyright 2026, All Rights Reserved