Patrik Andrade: “İndi sevinmək zamanı”
Patrik Andrade: “Xarakter göstərdik, Azərbaycan adına uğur qazandıq”.
90plus.az xəbər verir ki, “Araz-Naxçıvan”ın aparıcı üzvlərindən biri olan Patrik Andrade UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris”ə qarşı keçirilən cavab görüşündən (2:2) sonra oyunla bağlı fikirlərini bölüşüb.
Salonikidə baş tutan qarşılaşmadan sonra fikirlərini bildirən Kabo-Verde millisinin üzvü ilk hissədəki üstünlüklərindən danışıb:
“Yaxşı və maraqlı oyun oldu. Xüsusilə ilk hissə bizim üçün çox uğurlu keçdi. Azarkeşlərin yaratdığı təzyiqə baxmayaraq, ardıcıl 2 qol vurduq və fasiləyə qədər üstünlüyümüzü qorumağı bacardıq. Komanda olaraq xarakter nümayiş etdirdik, Azərbaycan futbolu üçün əhəmiyyətli nəticə əldə etdik”.
Andrade ikinci hissədə azlıqda qalmağın komandanın oyununa təsir etdiyini də etiraf edib:
“Qırmızı vərəqə epizodu oyunumuza təsir etdi. İqor bizim üçün çox vacib oyunçudur. Onun olmaması və meydanda bir nəfər az qalmağımız çətinlik yaratmalı idi. Amma bütün bunlara baxmayaraq, lazım olan nəticəni əldə etdik. İndi bu uğurun sevincini yaşamaq zamanıdır”.
Təcrübəli yarımmüdafiəçi növbəti mərhələdə qarşılaşacaqları “Omoniya” barədə də fikirlərini bölüşüb:
“Zəif komanda deyil, onların oyun üslubunu tanıyıram. Daha öncə onlara qarşı oynamışam. Əminəm ki, məşqçilərimiz rəqibi dərindən təhlil edəcək və bizə lazım olan bütün məlumatları çatdıracaq. Hələlik isə “Aris” üzərində qazanılan uğurdan zövq almaq lazımdır”.
© Copyright 2026, All Rights Reserved