Patrik Andradedən qələbə sözləri
Patrik Andrade: “Bugünkü qələbə motivasiyamızı daha da artırdı”.
90plus.az xəbər verir ki, “Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Aris” üzərində qazandığı 2:1 hesablı qələbədən sonra komandanın təcrübəli yarımmüdafiəçisi Patrik Andrade jurnalistlərin suallarını cavablandırıb.
O, ilk növbədə qələbənin sevincini bölüşüb:
“Yaxşı oyun keçirdik, bunun üçün çox çalışmışdıq. İki qol vurduq və nəticə bizi razı saldı. Komandada hər kəs məmnundur, amma bu, hələ son deyil. Qarşıda növbəti matç var və indi ona köklənmişik. Bir həftəmiz var ki, daha da yaxşı hazırlaşaq”.
Qarşıdakı cavab matçının önəmini vurğulayan Andrade uğurun açarının mübarizədə olduğunu deyib:
“Addım-addım irəliləyirik. Yunanıstandakı oyunun asan keçməyəcəyini bilirik. Bu gün olduğu kimi döyüşməliyik. Nə qədər əzmkar olsaq, şansımız bir o qədər çox olacaq”.
Oyun zamanı yaşanan mübahisəli penalti epizodu ilə bağlı da fikirlərini bölüşən futbolçu məsələni bağlamaq istədiklərini bildirib:
“Bəziləri deyir ki, penalti idi, bəziləri isə əksini düşünür. Açığı, bu barədə çox danışmaq istəmirəm. Biz artıq o epizodu arxada qoymuşuq və yalnız cavab oyununa fokuslanmışıq”.
Xatırlatma: “Araz-Naxçıvan” – “Aris” cütünün cavab oyunu iyulun 31-də Salonikidə keçiriləcək.
© Copyright 2026, All Rights Reserved