Prezident İlham Əliyev UFC prezidentini qəbul edib
Prezident İlham Əliyev UFC prezidenti Deyna Uaytı qəbul etdi: Bakıdakı turnirə yüksək hazırlıqdan məmnunluq ifadə olundu.
90plus.az xəbər verir ki, bu gün -iyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ultimate Fighting Championship”in (UFC) prezidenti, tanınmış amerikalı idman meneceri və sahibkar Deyna Uaytı qəbul edib.
Görüş zamanı UFC rəhbəri Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, Bakıda keçiriləcək UFC turnirinə hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğulayıb. Deyna Uayt göstərilən dəstəyə görə dövlət başçısına təşəkkürünü çatdırıb və ölkəmizdə ilk dəfə keçiriləcək bu nüfuzlu idman tədbirinin uğurla baş tutacağına əminliyini bildirib.
Prezident İlham Əliyev öz növbəsində UFC turnirinin Azərbaycanda təşkili ilə bağlı məmnunluğunu ifadə edərək, bu tədbirin ölkənin idman imicinin beynəlxalq aləmdə möhkəmlənməsinə mühüm töhfə verəcəyini qeyd edib. Dövlət başçısı həmçinin turnirin Azərbaycanda ənənəvi şəkildə keçirilməsinin vacibliyini vurğulayıb və onun davamlı xarakter alacağına ümid etdiyini bildirib.
Görüş zamanı Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinə də toxunulub. Son illərdə azərbaycanlı idmançıların beynəlxalq arenalarda qazandığı uğurlar, gənclər arasında idmana marağın artırılması və bu sahəyə göstərilən sistemli dövlət dəstəyi müzakirə olunub.
Qeyd olunub ki, Azərbaycan daha öncə bir sıra nüfuzlu beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edib və UFC turnirinin də bu ənənəyə uyğun şəkildə təşkil olunacağına tam əminlik var.
© Copyright 2026, All Rights Reserved