Qara Qarayev “Araz-Naxçıvan” keçdiyi yolu “Qarabağ”ınkına bənzətdi
Qara Qarayev: “Ev üstünlüyündən maksimum yararlanmağa çalışacağıq”.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Omoniya” ilə qarşılaşacaq “Araz-Naxçıvan”ın təcrübəli yarımmüdafiəçisi Qara Qarayev oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. Futbolçu komandada əhval-ruhiyyənin yüksək olduğunu bildirib.
“Yaxşı formadayıq və ötən mərhələdəki qələbə bizi daha da motivasiya edib. Sabahkı matça tam heyətlə hazırıq. Qarşımızda ciddi və keyfiyyətli bir rəqib olacaq. “Omoniya” son vaxtlarda qarşılaşdığımız ən təhlükəli komandalardan biridir. Rəqibi analiz etmişik – sürətli və dinamik oynayırlar. Biz isə evdə oynayacağıq və bu üstünlükdən istifadə edərək qalib gəlmək istəyirik”, – deyə Qarayev bildirib.
O, azarkeş amilinə də xüsusi toxunaraq onların dəstəyinin həlledici ola biləcəyini vurğulayıb:
“Azarkeşlər bizim üçün 12-ci oyunçudur. Tribunada onları görmək komandaya əlavə güc verir. Hər kəsi stadiona dəvət edirəm. Azarkeş dəstəyi ilə inamlı nəticə qazana bilərik”.
Qarayev “Qarabağ”da çıxış etdiyi dönəmdə “Omoniya”ya qarşı oynadığı matçları xatırladıb və rəqibdəki dəyişikliklərə diqqət çəkib:
“İndiki “Omoniya” o vaxtkı komanda deyil. Yeni baş məşqçi gəlib və oyun fəlsəfəsi tam fərqlidir. Akademiyadan əsas komandaya oyunçular cəlb olunub, hücum xətti daha çevik və bir-birini yaxşı başa düşən futbolçulardan qurulub. Bu, fərqi açıq şəkildə göstərir”.
Təcrübəli futbolçu klubun hədəfləri haqda da danışıb:
“Hər bir rəqibə hörmətlə yanaşırıq. Amma məqsədimiz var və bu yolda əlimizdən gələni edəcəyik. Futbol adlar üzərində deyil, meydandakı əzmkarlıq və oyuna yanaşma üzərində qurulub. Biz də bu yanaşma ilə irəliləyirik”.
Qarayev eyni zamanda “Qarabağ”ın avrokuboklardakı ilk illərini “Araz-Naxçıvan”ın indiki durumu ilə müqayisə edib:
“2008-2009-cu illəri xatırlayıram, bir mərhələ keçmək belə böyük uğur sayılırdı. 2014-cü ilə qədər pillə-pillə irəlilədik. İndi də “Araz-Naxçıvan” oxşar yolu keçir. Bu, zamana və təcrübəyə bağlıdır. Əminəm ki, növbəti illərdə biz də daha inamlı addımlar atacaq və Liqa mərhələsinə düşmə şansı əldə edəcəyik”.
Qeyd: "Araz-Naxçıvan” – “Omoniya” qarşılaşması avqustun 7-si, saat 20:00-da “Liv Bona Dea Arena”da baş tutacaq.