Qattuzo: “Kyeza özü oynamaq istəmir”
İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo "Liverpul"un cinah oyunçusu Federiko Kyezanın yığmanın heyətinə daxil edilməməsinin səbəbini açıqlayıb.
90plus.az xəbər verir ki, təcrübəli çalışdırıcının sözlərinə görə, futbolçu hələ də tam hazır vəziyyətdə deyil.
Kyeza son aylarda İtaliya millisinin oyunlarına çağırılmırdı və bu dəfə də Estoniya və İsraillə qarşılaşmalar üçün açıqlanan heyətdə yer almayıb. Mətbuat konfransında danışan Qattuzo məsələni belə izah edib:
“Kyeza məsələsi çox sadədir. Mən oyunçularımla çox danışıram və bunu açıq şəkildə deyirəm – çox. Hər həftə Fede ilə danışıram və onun haqqında nə düşündüyümü bilir. Amma oyunçunun dediklərinə də hörmət etməliyəm. O, özünü 100 faiz hazır hiss etmir və belə olduqda da oynamaq istəmir. Bu, sadəcə həqiqətdir.”
27 yaşlı Kyeza üçün bu mövsüm asan keçmir. Ötən mövsümün böyük hissəsini zədə səbəbilə buraxan futbolçu bu mövsüm Arne Slotun rəhbərliyi altında cəmi bir oyuna start heyətində çıxıb. Buna baxmayaraq, iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
O, həmçinin "Liverpul"un Çempionlar Liqasında "Qalatasaray"a qarşı keçirilən son oyununu da buraxıb. Baş məşqçi Arne Slot həmin zədəni "Kristal Palas"la oyunda alınan kiçik narahatlıq kimi xarakterizə edib.
© Copyright 2026, All Rights Reserved