Qonzalo İquain: "Məni Messi xilas etdi"
Argentina millisinin sabiq hücumçusu Qonzalo İquain 2014 Dünya Kubokunun finalında Almaniyaya 1–0 hesabı ilə uduzduqları oyundan sonra yaşadığı ağır psixoloji çöküşü göz yaşları ilə xatırlayıb və Lionel Messi barədə diqqətçəkən açıqlamalar verib.
90plus.az xəbər verir ki, finalın uzatma dəqiqələrində böyük qol fürsətini dəyərləndirə bilməyən İquain matçdan sonra soyunma otağında tam mənada tək qaldığını deyib:
“Soyunma otağında heç kim mənimlə danışmadı. Sakitcə oturmuşdum, elə bil bütün dünya məni günahlandırırdı. Bəzi komanda yoldaşlarım mənə qəzəblə baxırdı. Çiyinlərimdə günahın bütün ağırlığını hiss edirdim.”
Tam bu anda Lionel Messinin ona yaxınlaşdığını deyən İquain həmin anı belə xatırlayıb:
“Messi yanıma gəldi, məni qucaqladı və dedi ki: ‘Problem deyil. Bu futboldur. Finala gəldik. Çempion kimi oynadıq.’ O an məni sakitləşdirdi.”
İquain açıqlamasının davamında Messi yenidən onun yanında durduğunu bildirib:
“Sonra öyrəndim ki, baş məşqçi məni artıq milli komandaya çağırmaq istəmir. Messi yenə müdaxilə etdi, məşqçi ilə danışdı və dedi ki: ‘Bu onun günahı deyil. Futbolda birlikdə uduzuruq. Heç kim mükəmməl deyil.’ Bu söhbətdən sonra məşqçi fikrini dəyişdi və məni yenidən milliyə çağırdı. Messi olmasaydı, bəlkə də bu günə qədər özümü günahkar hiss edərdim.”
© Copyright 2026, All Rights Reserved