Rafael Fiziev “Qarabağ”da
UFC ulduzu Rafael Fiziev “Qarabağ” klubunu ziyarət etdi – Bakıda döyüş gecəsinə geri sayım başlayır...
90plus.az xəbər verir ki, UFC-nin tanınmış döyüşçüsü Rafael Fiziev Azərbaycana səfəri çərçivəsində Premyer Liqanın çempionu “Qarabağ” klubunun bazasını ziyarət edib. Dünya MMA arenasında özünəməxsus çıxışları ilə seçilən Rafael komandanın məşq prosesi ilə yaxından tanış olub, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və milli yığmamızın üzvü, klubun müdafiəçisi Bəhlul Mustafazadə ilə görüşüb.
Fizievin bu ziyarəti həm idmançılar arasında həmrəyliyin göstəricisi, həm də qarşıdan gələn böyük idman tədbirinin – 21 iyun tarixində Bakıda keçiriləcək “UFC Fight Night” turnirinin təbliğatı çərçivəsində baş tutub. “Qarabağ” klubunun sosial şəbəkə hesablarında yayımlanan görüntülərdə UFC ulduzunun komandaya simpatiya ilə yanaşdığı, komanda üzvləri ilə mehriban ünsiyyət qurduğu aydın şəkildə görünür.
VİDEO: https://t.me/doxsanplus/104159
Qeyd: Rafael Fiziev əslən azərbaycanlıdır və uzun illərdir UFC-də uğurla çıxış edir. O, 21 iyun tarixində Bakı Kristal Zalında təşkil olunacaq UFC Fight Night tədbirinin əsas simalarından biri olacaq. Turnirdə dünyanın müxtəlif ölkələrindən olan döyüşçülər mübarizə aparacaq və bu, Azərbaycanın UFC tarixində ilk belə irimiqyaslı tədbiri kimi tarixə düşəcək.
© Copyright 2026, All Rights Reserved