"Rakuv"un baş məşqçisi: "Mərhələni bizim adlamağımız o demək deyil ki..."
“Nə vaxtsa Polşa komandası “Qarabağ”ı üstələməli idi”. 90plus.az - ın məlumatına görə, bunu Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa Bakı Olimpiya Stadionunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib. İlk görüşdə 3:2 hesablı qələbə qazandıqlarını xatırladan gənc mütəxəssis mərhələ adladıqları üçün sevincli olduğunu bildirib: “Komandamı gözəl uğur münasibətilə təbrik edirəm. Bu gün daha çox müdafiə olunduq. Birinci hissədə dözüləcək məqamlar yaşadıq. Futbolda da dözmək, səbrlə oynamaq çox vacibdir. Həm fiziki, həm də mental cəhətdən çox gözəl oyun göstərdik”. Baş məşqçi matçın çox ağır keçdiyini vurğulayıb: “İlk yarıda özümüzü yaxşı tərəfdən göstərdik. Rəqib cərimə meydançasına daxil olanda da orada vəziyyəti nəzarətdə saxladıq. “Lex” ötən mövsüm burada 5 qol buraxmışdı. Bizdə isə belə olmadı”. O, futbolçularının oyunun gedişində tez-tez vaxtı uzatmalarına da münasibət bildirib: “Sizi bizim paltardəyişmə otağına dəvət edirəm. Onların nə dərəcədə yorulduğunu görəcəksiniz. Bu, tapşırıq deyildi. Hava şəraiti bizim üçün mübarizəni çətinləşdirdi. Üstün olduğumuz anlar da oldu. 62-ci dəqiqədə müdafiədə nisbətən zəif çıxış etdik və nəticədə qol buraxdıq”. Şvarqa bildirib ki, eyni qüvvəyə malik komandaların görüşündə xırda detallar həlledici olur. Baş məşqçi “Qarabağ”ı avrokuboklarda üstələyərək növbəti mərhələyə adlayan ilk Polşa klubu olmalarının sevindirici məqam olduğunu sözlərinə əlavə edib: “Mərhələni bizim adlamağımız o demək deyil ki, “Qarabağ” zəifdir. Azərbaycan təmsilçisi çox güclü komandadır”.