"Real Betis" – "Çelsi" finalı öncəsi dava düşdü
UEFA Konfrans Liqasının final matçı öncəsi Polşanın Vroslav şəhərində gərginlik yaşanıb. Bu axşam keçiriləcək "Real Betis" – "Çelsi" qarşılaşması ərəfəsində hər iki komandanın azarkeşləri arasında insident baş verib.
90plus.az xəbər verir ki, İngiltərə təmsilçisi "Çelsi" ilə finalda qarşılaşacaq İspaniyanın "Real Betis" klubunun azarkeşləri Vroslava axın edib. Xüsusilə Rynek bölgəsində yerləşən məşhur Bazar Meydanı "Real Betis" tərəfdarlarının əsas toplanma nöqtəsinə çevrilib.
İspan azarkeşlər final həyəcanını yaşamaq üçün meydana axışıb, restoran və kafeləri doldurublar. Yağışlı havaya baxmayaraq, yaşıl-ağ rəngli fanatlar komanda rənglərini daşıyan forma, bayraq və atkılarla bölgədə şənlik ab-havası yaradıb, tez-tez şüarlar səsləndiriblər.
Lakin günün erkən saatlarında azarkeşlər arasında gərginlik yaşanıb. "Çelsi" və "Real Betis" tərəfdarları arasında baş verən dava nəticəsində xəsarət alanlar olub. Hadisə yerinə gələn polis qüvvələrinin müdaxiləsindən sonra vəziyyət nəzarət altına alınıb və insident yatışdırılıb.
UEFA Konfrans Liqasının final oyunu bu axşam Vroslavda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved