Ronaldo 1000 qola bir addım daha yaxınlaşdı
Səudiyyə Ərəbistanı “Pro Liqa”sında mübarizə aparan lider “Əl-Nəssr” səfərdə “Neom SC” komandasını 3:1 hesabı ilə məğlub edərək qələbə seriyasını davam etdirib. Portuqaliyalı ulduz Kriştiano Ronaldo bu görüşdə vurduğu qolla karyerasındakı 1000 qol hədəfinə bir addım daha yaxınlaşıb.
90plus.az xəbər verir ki, Xorxe Jesusun rəhbərlik etdiyi “Əl-Nəssr”in məğlubiyyətsiz seriyası beləliklə davam edir. Qolsuz başa çatan ilk hissədən sonra komanda 47-ci dəqiqədə Anjelo Borxesin qolu ilə hesabı açıb. 65-ci dəqiqədə Kriştiano Ronaldo penaltidən fərqlənərək fərqi iki topa çatdırıb.
Ev sahibi “Neom SC” 84-cü dəqiqədə Əhməd Caberin qolu ilə fərqi azaltsa da, 86-cı dəqiqədə “Əl-Nasr”ın digər portuqaliyalı futbolçusu Joao Feliks matçın yekun nəticəsini müəyyənləşdirib – 3:1.
Bu qələbə ilə “Əl-Nasr” liqada 8 oyunun hamısını qazanaraq xallarını 24-ə yüksəldib. “Neom SC” isə 13 xalda qalıb.
Kriştiano Ronaldo bu qarşılaşmadakı qolu ilə karyerasında vurduğu qolların sayını 953-ə çatdırıb. Ulduz futbolçu 47 qol daha vuracağı halda, karyerasında 1000 qola çatacaq.
Qeyd: Ronaldo 2023-cü ildə “Əl-Nasr”la müqavilə imzalayıb və bu yay sözləşməsini uzadıb. O, “Əl-Nasr” forması ilə 116 oyuna çıxaraq 103 qol vurub, 21 asist edib.
© Copyright 2026, All Rights Reserved