Rövlan Muradov: “Bəxt bizim tərəfimizdə olmadı”
Rövlan Muradov: “Hayduk”un gücünü bilirdik, cavab oyununda mərhələ üçün mübarizə aparacağıq”.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Zirə” doğma meydanda Xorvatiyanın “Hayduk” klubu ilə 1:1 hesablı heç-heçə edib. Bakıdakı matçda əsas heyətdə meydana çıxan və komandasının qoluna ötürmə verən Rövlan Muradov qarşılaşmadan sonra təəssüratlarını bölüşüb.
27 yaşlı yarımmüdafiəçi rəqibin səviyyəsinin fərqində olduqlarını və matça yaxşı hazırlaşdıqlarını deyib:
“Bilirdik ki, hansı səviyyəli rəqiblə qarşılaşırıq. “Hayduk” Xorvatiyanın ən köklü və güclü klublarındandır. Rəqibi analiz etmişdik, zəif nöqtələrindən xəbərimiz var idi. Təəssüf ki, sadə bir epizodda qapımızda qol gördük. Oyunun qalan hissəsində irəli atıldıq, ikinci qolu vurmaq üçün çalışdıq, amma alınmadı”.
Muradov cavab oyununa optimist yanaşdığını da bildirib:
“Şanslar bərabərdir. Cavab oyununa qələbə üçün çıxacağıq. “Hayduk” güclü komandadır, amma biz də səfərdə sona qədər mübarizə aparacağıq. Məqsədimiz mərhələni keçməkdir”.
Matçın sonlarına yaxın Rövlanın uzaqdan zərbəsi dirəyə dəyib. Təcrübəli futbolçu həmin anla bağlı belə deyib:
“Zərbəni vuranda çox düşünmədim, bu tip vəziyyətləri məşqlərdə də sınayıram. Qapını gördüm və ani qərarla zərbə endirdim. Təəssüf ki, bəxt bizim tərəfimizdə olmadı”.
Qarşılaşma Muradov üçün həm də “Zirə”nin heyətində ilk rəsmi oyunu olub. O, komandaya tez uyğunlaşdığını qeyd edib:
“Burada daha əvvəl birlikdə oynadığım futbolçular var. Rəşad Sadıqovu da çoxdan tanıyıram, 2018-ci ildə məni “Qarabağ”a o dəvət etmişdi. Burada özümü yaxşı hiss edirəm və çalışacağam ki, komandama maksimum fayda verim”.
Qeyd: “Zirə” – “Hayduk” cavab oyunu iyulun 31-də Split şəhərində keçiriləcək.
© Copyright 2026, All Rights Reserved