Rəşad Sadıqov: “Hayduk bu baxımdan üstündür”
Rəşad Sadıqov “Hayduk”la cavab oyunundan öncə: “Əlimizdə olan imkanlarla maksimum nəticəyə çalışacağıq”.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Xorvatiyada baş tutacaq cavab oyunundan öncə “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “CBC Sport”a önəmli açıqlamalar verib. 43 yaşlı mütəxəssis rəqib “Hayduk”un xüsusilə məşqçi dəyişikliyindən sonra ciddi transformasiya keçirdiyini vurğulayıb.
“Hər komandanın güclü və zəif tərəfləri var. “Hayduk”un ispan baş məşqçisi komandanın oyun fəlsəfəsini dəyişib. Daha intizamlı və daha istəkli futbol oynayırlar. Bu, ilk matçda da hiss olunurdu. Hər iki tərəf mərhələni keçmək istəyir, bizi səfərdə maraqlı və gərgin oyun gözləyir”, – deyə Sadıqov bildirib.
O, rəqibin ehtiyat qüvvə baxımından üstünlüyünü də etiraf edib:
“Mövsümün startındayıq, fiziki baxımdan tam formada olmaq çətindir. Bakıdakı oyunun ikinci hissəsində də tempin düşməsi bunu göstərdi. Belə vəziyyətdə ehtiyat oyunçular ön plana çıxır. “Hayduk”un bu baxımdan üstünlüyü var — geniş iştirak ərizələri, əsas heyətə düşən yerli yetirmələr və s. Bizdə isə bəzi zədəlilər var. Amma əlimizdə olan resursla mümkün olan ən yaxşı nəticəni əldə etməyə çalışacağıq.”
Rəşad Sadıqov ilk oyunda göstərdikləri performansdan razı qaldığını da əlavə edib:
“Birinci hissədə “Hayduk”a meydanda rahat nəfəs almağa imkan vermədik. İkinci hissədə isə hər iki komandanın pressinqi aşağı düşdü. Amma son dəqiqələrdə yenidən təşəbbüs bizə keçdi. Qələbəyə daha yaxın tərəf biz idik. Ümumilikdə isə qarşılaşma göstərdi ki, tərəflər bir-birini ciddi analiz edib və bu da oyun keyfiyyətinə təsir edib.”
Qeyd: “Hayduk” – “Zirə” cavab oyunu iyulun 31-i Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. İlk oyun 1:1 hesabı ilə başa çatıb və bu nəticə cütün taleyini Xorvatiyadakı qarşılaşmaya saxlayıb.
© Copyright 2026, All Rights Reserved