Rəşad Sadıqovdan Yurçeviçə sərt reaksiya gəldi
Rəşad Sadıqovdan Yurçeviçə sərt cavab: “Bu fikirlər düzgün deyil, dəyər verilən adam daha diqqətli olmalıdır”.
90plus.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın “Hayduk” klubuna qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb. Təcrübəli mütəxəssis komandasının hazırlığı, heyət problemləri və stadion seçimi ilə yanaşı, millimizin sabiq baş məşqçisi Nikola Yurçeviçin son açıqlamalarına da münasibət bildirib.
Sadıqov xorvat çalışdırıcının “Zirə”də çox sayda legionerin olması və yüksək maaş aldıqları ilə bağlı dediklərinə sərt reaksiya verib:
“Cənab Nikola Yurçeviç bir-iki açıqlama verib və onlara cavab vermək istəyirəm. Qabardıb ki, “Zirə”də 15 legioner çıxış edir. Amma son 2 ildə biz çempionatda ikinci yeri tutmuşuq, ötən mövsüm pley-off mərhələsinə yüksəlmişik. Meydanda 4 yerli futbolçu ilə bu uğurlara imza atmışıq. Bu nəticələr tək legionerlərlə formalaşmayıb.
O bildirir ki, bizdə futbolçular yaxşı maaş alır. Bu isə tamamilə yanlışdır. Əgər elə imkanımız varsa, qoy gəlib öz vaxtındakı müqaviləsinə baxsın, Azərbaycanda nə qədər maaş alıb, görək. Mənim futbolçularım çox vaxt haqq etdiklərindən daha az maaş alırlar. Yurçeviçin bu haqda məlumatı belə ola bilməz. Əgər danışmaq istəyirsə, öz dövründə milli komandada neçə legionerin oynadığını və onlar üçün nə qədər məvacib ödənildiyini açıqlasın. Ondan belə fikirlər gözləməzdim. Azərbaycanda ona bəlkə də karyerası boyunca verilməyən dəyər verilib. Bu ölkədə işləmiş biri olaraq daha məsuliyyətli və diqqətli olmalıdır”.
VİDEO: https://t.me/doxsanplus/105391
Komandasının durumundan da söz açan Sadıqov yeni mövsümə uğurlu başlamaq istədiklərini deyib. O, azarkeşləri stadiona dəstəyə çağıraraq, cavab qarşılaşması öncəsi üstünlük qazanmağın vacibliyini vurğulayıb. “Zirə”nin çalışdırıcısı həmçinin komandanın aparıcı oyunçularından Salifu Sumanın artıq klubdan ayrıldığını və yeni transfer Vinsent Tillin isə zədə səbəbindən “Hayduk”la oyunlarda iştirak etməyəcəyini də açıqlayıb. Rafael Utziqin komandadan getmək istədiyini deyən Sadıqov onunla bağlı qərarın rəhbərlik səviyyəsində müzakirə olunduğunu bildirib.
Stadion məsələsinə də toxunan baş məşqçi, oyunun “Neftçi Arena”da keçiriləcəyinə görə məmnun olduğunu gizlətməyib:
“Bura mənim üçün doğmadır. Burada oynamamızı çox istədim. “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. İsti hava şəraitinə baxmayaraq, stadionu bizə təqdim etdilər. Bu stadionda həmişə maraqlı oyunlar olur”.
Sonda yay transfer siyasətini dəyərləndirən Sadıqov adlara yox, futbolçunun xarakterinə və peşəkarlığına önəm verdiyini bildirib. Onun sözlərinə görə, “Zirə” imkanlar çərçivəsində stabil və uzunmüddətli inkişaf məqsədi güdən bir komanda formalaşdırmağa çalışır.
Qeyd: "Zirə" ilə "Hayduk" arasında ilk matç sabah "Neftçi Arena"da saat 19:30-da ba tutacaq.