“Sabah”ın futbolçusu gizlincə evləndi
“Sabah”ın futbolçusu gizli şəkildə evləndi – Valideynləri belə xəbərsiz olub.
90plus.az xəbər verir ki, “Sabah”ın polşalı müdafiəçisi Timoteuş Puxaç ailə həyatı qurub.
27 yaşlı futbolçu Oliviya Ninçeviçlə nikaha daxil olub. Cütlüyün toy mərasimi Polşanın Vrotslav şəhərində baş tutub.
Maraqlıdır ki, toy barədə son ana qədər demək olar, heç kim məlumatlı olmayıb. Puxaç və həyat yoldaşı mərasimi həm ailələrindən, həm də yaxın dostlarının əksəriyyətindən gizli saxlayıblar.
Yeni evlənənlər nikahdan sonra sosial şəbəkə hesablarında toy fotolarını paylaşaraq, şəkillərə “Bu həyatda və sonrakında” sözlərini yazıblar.
Polşa mətbuatının yaydığı məlumata görə, mərasim barədə əvvəlcədən yalnız dörd nəfər – Timoteuş Puxaç, Oliviya Ninçeviç, futbolçunun dostu və şahidi Aleksander Teus, eləcə də gəlinin şahidi məlumatlı olub.
Cütlük valideynlərini və yaxınlarını isə başqa bəhanə ilə Vrotslava dəvət edib. Onlara bildirilib ki, məşhur influenserlərin iştirak etdiyi böyük tədbir keçiriləcək və bu proqram televiziya üçün lentə alınacaq. Buna görə də qonaqların rəsmi geyimdə olması şübhə doğurmayıb.
Puxaçın sözlərinə görə, onlar mümkün qədər sadə və qapalı mərasim keçirmək istəyiblər. Toyda yalnız cütlük, şahidlər və valideynlər iştirak edib. Böyük məclis, uzun qonaq siyahısı və aylarla davam edən hazırlıq prosesi olmayıb.
Polşalı futbolçu bildirib ki, bu qeyri-adi qərar onların xarakterinə uyğundur:
“Biz hər ikimiz standartlardan kənar düşünən insanlarıq. Buna görə də toyumuzun da fərqli olmasını istədik”.
Bununla belə, Puxaç gələcəkdə daha geniş tərkibli toy məclisinin keçirilə biləcəyini də istisna etməyib.
© Copyright 2026, All Rights Reserved