Toral Bayramov “Qarabağ”a belə vida etdi
Toral Bayramovdan “Qarabağ”a vida: “Bu klub həyatımın bir hissəsinə çevrildi”.
90plus.az xəbər verir ki, “Qarabağ”dan ayrılaraq Türkiyənin “Bursaspor” klubuna transfer olunan Toral Bayramov keçmiş komandası ilə emosional şəkildə vidalaşıb.
Azərbaycan millisinin müdafiəçisi sosial şəbəkə hesabında paylaşdığı mesajda Ağdam təmsilçisində keçirdiyi illərin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Bu forma ilə keçən illər ərzində təkcə futbol oynamadım, böyüdüm, öyrəndim və unudulmaz xatirələr qazandım. Mənə güvənən hər kəsə təşəkkür edirəm. "Qarabağ" mənim üçün sadəcə klub olmadı, həyatımın bir hissəsinə çevrildi”.
Bayramov doğma klubunu çempion kimi tərk etməyi arzuladığını da gizlətməyib:
“Doğma "Qarabağ"ı çempion kimi tərk etmək istəyərdim. Olmadı… Əvəzində Çempionlar Liqasında tarix yazıldı!”
27 yaşlı futbolçu ayrılıq qərarının asan verilmədiyini qeyd edib və transfer prosesində ona dəstək olan klub rəhbərliyinə minnətdarlığını bildirib:
“Çətin qərar oldu, həm mənim, həm də rəhbərlik üçün. İstəyimi nəzərə alıb mənim keçidimi anlayışla qarşılayan rəhbərliyə xüsusi təşəkkürümü bildirirəm”.
Sonda Toral Bayramov “Qarabağ”a uğurlar arzulayıb və gələcəkdə yollarının yenidən kəsişəcəyinə ümid etdiyini ifadə edib.
© Copyright 2026, All Rights Reserved