Ten Haq gedir, Allegri gəlir
"Mançester Yunayted"də baş məşqçi axtarışları davam edir.
90plus.az xəbər verir ki, "Mançester Yunayted"da çətin günlər keçirən Erik ten Haqin gələcəyi qeyri-müəyyən olduğu bir vaxtda, Sir Alex Fergusonun komandanın başına Massimiliano Allegrini gətirməyi təklif etdiyi iddia olunur. İtaliya mətbuatının məlumatına görə, əfsanəvi məşqçi Ferguson, "Yuventus"un keçmiş baş məşqçisinin ten Haqdan sonrakı dövr üçün doğru seçim olacağını düşünür.
"Mançester Yunayted", Avropa Liqasındakı "Tvente" ilə 1-1 heç-heçə etdikdən sonra, Premyer Liqada "Tottenhem"ə 3-0 məğlub olub və komanda daxilindəki böhran dərinləşib. Əgər cümə axşamı "Portu"ya və həftə sonu "Aston Villa"ya qarşı da pis nəticələr əldə olunarsa, Erik ten Haqın vəzifəsinə son qoyulacağı danışılır.
Tuhel də namizədlər arasındadır
"La Gazzetta dello Sport" qəzetinə görə, Ferguson, Allegrinin Tomas Tuheldən daha uyğun bir seçim olduğunu vurğulayaraq, Allegrinin "Yuventus"dan ayrıldıqdan sonra işsiz olması səbəbindən "Mançester Yunayted" üçün cəlbedici bir variant olduğunu qeyd edib. İtalyan məşqçinin, "Yuventus" ilə İtaliya Kubokunu qazandıqdan sonra baş verən hadisələr səbəbilə vəzifəsindən ayrıldığı məlumdur.
Patris Evranın da Allegrini təriflədiyi və "Fergusondan belə daha çox oyun bilgisinə malikdir. Allegri bir oyunun necə keçəcəyini əvvəlcədən bilir" dediyi xatırlanır. Bu təkliflərlə birlikdə Allegri, "Mançester Yunayted"in yeni baş məşqçi namizədi kimi irəli çıxır.
© Copyright 2026, All Rights Reserved