Pep Quardiola İtaliya millisinə yazılır
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib - İtaliya millisindən söhbət gedir.
90plus.az xəbər verir ki, ispan mütəxəssisin İtaliya millisinin baş məşqçisi olmağa açıq olduğu yazılır - La Gazzetta dello Sport. Bildirilir ki, İtaliya milli komandası rəhbərliyi Qvardiolanı razı salmaq üçün ciddi cəhd göstərməyi planlaşdırır.
Mənbənin iddiasına əsasən, Qvardiola gələcək karyerası ilə bağlı qərarı özü sərbəst şəkildə verəcək. Onun bir müddətdir milli komanda səviyyəsində çalışmaq variantını nəzərdən keçirdiyi, bunun isə daha az intensiv iş rejimi baxımından cəlbedici olduğu vurğulanır. İtaliya ilə bağlı şəxsi əlaqələrinin olması da bu ehtimalı gücləndirən amillərdən sayılır.
Hazırda İtaliya millisinin məşqçi heyətində yer alan Leonardo Bonuççi da Qvardiolanın mümkün təyinatını dəstəkləyib. Təcrübəli sabiq müdafiəçi bu barədə danışarkən belə deyib: “Əgər yenidən qurulma arzusu varsa, mən Qvardiola ilə başlayardım. Bunun çox çətin olduğunu düşünürəm, amma xəyal qurmaq pulsuzdur”.
Digər tərəfdən, Qvardiolanın “Mançester Siti”dən ayrılacağı təqdirdə klubun əsas namizədi də müəyyənləşib. “The Guardian” nəşrinin məlumatına görə, “şəhərlilər”in baş məşqçi postu üçün ilk seçim Enzo Mareska hesab olunur və tərəflər arasında ilkin danışıqlar artıq baş tutub.
© Copyright 2026, All Rights Reserved