“Trabzonspor” 2-ci olmaq şansını qaçırtdı
“Beşiktaş” xal itirdi, “Trabzonspor” fürsəti qaçırdı.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub. Tur çərçivəsində həm çempionluq mübarizəsinə, həm də turnir cədvəlinin üst sıralarına təsir edən nəticələr qeydə alınıb.
“Beşiktaş” doğma meydanda autsayder “Karagümrük”lə qarşılaşmada gözlənilmədən xal itirib. Qolsuz başa çatan görüşdə İstanbul təmsilçisi rəqib müdafiəsini yarmağı bacarmayıb və 0:0 hesablı heç-heçə ilə kifayətlənib:
Beşiktaş 0 - 0 Karagümrük
Turun digər vacib oyununda “Trabzonspor” səfərdə “Konyaspor”a məğlub olub. Matçın qəhrəmanı meydan sahiblərinin futbolçusu Berkan Kutlu olub. O, 32 və 39-cu dəqiqələrdə vurduğu qollarla komandasına ciddi üstünlük qazandırıb. Qonaqlar yalnız 79-cu dəqiqədə Felipe Auqusto ilə fərqlənərək hesab arasındakı fərqi minimuma endirə biliblər.
Bu nəticə “Trabzonspor” üçün xüsusilə ağır olub. Belə ki, komanda ikinci pilləyə yüksəlmək şansını əldən verib:
Konyaspor 2 - 1 Trabzonspor
B. Kutlu 32’ 39’
F. Auqusto 79’
31 turdan sonra turnir cədvəlinə 74 xalla “Qalatasaray” başçılıq edir. Onu 67 xalla “Fənərbağça” izləyir. “Trabzonspor” 65 xalla üçüncü, “Beşiktaş” isə 56 xalla dördüncü pillədə qərarlaşıb. Qələbə qazanan “Konyaspor” isə xallarını 40-a çatdıraraq 8-ci sırada yer alıb.
© Copyright 2026, All Rights Reserved