Trampdan 2026 Dünya Çempionatı ilə bağlı təhlükəsizlik açıqlaması
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi FIFA Dünya Çempionatı öncəsi təhlükəsizlik məsələlərinə toxunaraq, bəzi şəhərlərdə oyunların yerinin dəyişdirilə biləcəyini istisna etməyib.
90plus.az xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Trampa xüsusilə Demokratların nəzarətində olan Sietl, San-Fransisko və Los-Anceles şəhərlərində keçiriləcək oyunlarla bağlı mövqeyi soruşulub. Tramp bu suala belə cavab verib:
“Dünya Çempionatı təhlükəsiz olacaq. Əgər hansısa şəhərdə təhlükəsizlik təmin olunmazsa, oyunları başqa şəhərə köçürəcəyik.”
Trampın bu açıqlaması futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Hərçənd turnirin təşkilinə və ev sahibi şəhərlərin seçimində əsas qərar FIFA-ya məxsusdur və Trampın belə bir dəyişikliyi reallaşdırmaq səlahiyyəti hələlik qeyri-müəyyəndir.
Qeyd: 2026 FIFA Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində keçiriləcək və final oyunu daxil olmaqla ümumilikdə 104 qarşılaşmanın 78-nə ABŞ ev sahibliyi edəcək. Oyunlar Atlanta, Boston, Dallas, Hyuston, Kanzas-Siti, Los-Anceles, Mayami, Nyu-York/Nyu-Cersi, Filadelfiya, San-Fransisko və Sietl şəhərlərində baş tutacaq.
© Copyright 2026, All Rights Reserved