Valdas Dambrauskas: “Komandamdan gözlədiyim oyun üslubu budur”
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Petrokub” üzərində qazandıqları 2:0 hesablı qələbədən sonra səfər oyununu dəyərləndirib.
90plus.az xəbər verir ki, litvalı mütəxəssis matçdan sonrakı mətbuat konfransında rəqibin artıq 7 rəsmi oyun keçirməsini onların üstünlüyü kimi qiymətləndirib:
“Bu, çox çətin görüş idi. Rəqib mövsümə bizdən tez başlayıb və artıq kifayət qədər oyun təcrübəsi toplamışdı. Amma bu, bizim üçün üstünlük də oldu, çünki onların oyunlarını analiz etmək üçün material bol idi. Oyuna sadəcə müdafiə olunmaq və əks-hücumlar axtarmaq məqsədilə çıxmamışdıq. Öz oyunumuzu sərgiləmək və tempi biz müəyyənləşdirmək istəyirdik. Birinci hissədə dalğalı anlar yaşandı, bəzi hallarda istədiklərimizi həyata keçirə bilmədik. İkinci hissənin əvvəlində də müəyyən çətinliklərimiz oldu. Ancaq qoldan sonra oyuna nəzarəti əlimizə aldıq. Topa sahib olmaq, boş zonaları tapmaq və tempə nəzarət etmək – bu, mənim komandamdan gözlədiyim oyun üslubudur”.
Dambrauskas səfərdəki uğurun onları arxayınlaşdırmayacağını da əlavə edib:
“Avropada səfər matçlarında qələbə qazanmaq çox vacibdir. Qapımızı toxunulmaz saxladıq, iki dəfə fərqləndik – bu, müsbət nəticədir. Amma hələ heç nə bitməyib. İki oyundan ibarət duellərdə ilk görüşdə hər şey həll olunmur. İndi Bakıdakı cavab matçına ciddi şəkildə hazırlaşmalıyıq”.
© Copyright 2026, All Rights Reserved