Valdas Dambrauskas: "Oyundan əvvəl narahat idim"
Avropa Liqasının II təsnifat mərhələsində keçirilən "Sabah" – "Petrokub" qarşılaşmasında təmsilçimiz inamlı çıxışla 4:1 hesablı qələbə əldə edərək növbəti mərhələyə yüksəlib.
90plus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dombrauskas jurnalistlərin suallarını cavablandırıb:
– Matçla bağlı onu deməliyəm ki, ilk oyundakı 2:0 hesablı qələbə komandanı arxayınlaşdıra bilərdi deyə bir qədər narahat idim. Bəli, rəqibdən üstün olduğumuzu bilirdik, lakin oyuna ciddi yanaşmaq vacib idi. Bu gün meydanda tam üstün idik. İlk üç qoldan sonra futbolçularım oyundan zövq almağa başladılar. Rəqibin vurduğu qoldan sonra komandanın reaksiyası mənim üçün müsbət oldu. Bu görüş bizə çox dəyərli məlumatlar verdi və gələcək üçün əhəmiyyətlidir. İkinci hissədə topa nəzarət bizdə olsa da, hücumun son mərhələsində bir sıra fürsətləri boşa verdik. Bu istiqamətdə çalışmalı olacağıq.
Rəqibin gücünə hörmət
– Oyundan sonrakı nəticə insana asan təsir bağışlaya bilər, lakin reallıqda heç nə sadə başa gəlmir. Hər rəqibə hörmətlə yanaşırıq. Bu nəticəni əldə etmək üçün oyunçularım böyük zəhmət sərf etdilər. Qələbənin arxasında ciddi əmək var.
Abdulla Xaybullayevin aldığı sarı vərəqə barədə
– Bəlkə də Ayaz Quliyevi nəzərdə tutursunuz? Əgər ondan danışırsınızsa, fikrimcə, bu, verilə biləcək sadə bir sarı kart idi. Sarı vərəqələr futbolda normal haldır. Ayaz ilk oyunda oynamamışdı və bu gün meydanda sona qədər mübarizə apardı. Bəzən bu cür qərarlar ədalətli görünmür, amma bu, futbolun bir hissəsidir.
4 matçda 11 qol
– Hücum futboluna üstünlük verirəm. Qol epizodları yalnız hücumçuların deyil, bütün komandanın əməyinin nəticəsidir. Qapımızda qol görməməyə də çalışırıq, lakin əsas məqsəd hücum futbolunu göstərməkdir və bu istiqamətdə işimizi davam etdiririk.
"Braqa" yoxsa, "Levski"?
– Bu seçim nəticəyə təsir edəcək bir faktor deyil. Ona görə də bu barədə düşünməyə ehtiyac görmürəm. Enerjimi daha vacib məsələlərə yönəldirəm.