Xorvatiya mətbuatının "Zirə" - "Hayduk" oyunu haqqında yazdıqları....
Xorvatiya mətbuatı bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mrəhələsində baş tutacaq "Zirə" - "Hayduk" oyunundan əvvəl yerli komandanın nələrə diqqət etməsi haqqında danışıb.
90plus.az Xorvatiya mətbuatının "Zirə" - "Hayduk" oyunu haqqında yazdıqlarını Sizə təqdim edir:
Xorvatların ən məşhur idman saytı "Sportnet.hr" oyundan əvvəl ehtiyatlı danışıb. Saytın yazdığı xəbərdə "Hayduk"un ehtiyatlı olması, Avropada son çıxışlarından dərs götürməsi məsləhət görülüb. Onların fikrincə keçən il "Osiyek" bu səhvi Bakıda etdi və cəzasını çəkdi. Sayt bunu belə bildirib:
"Avropada yaxın keçmişdə əldə olunan nəticələrə əsaslanaraq, "Hayduk" "Zirə"ni heç vaxt kiçiltməməlidir. Çünki çox sayda rəqib olub ki, "Hayduk" favorit sayılıb və mərhələ keçməsi gözlənilsə də, sonunda məyusluq yaşanıb.
"Zirə" Avropada yalnız dördüncü mövsümünü keçirir və xüsusilə keçən mövsümünü yaxşı xatırlayır, çünki Konfrans Liqasının pley-off mərhələsinə qədər irəliləyib. Bu yolda Avropa Liqasının ilkin mərhələsində "Şerif"ə penaltilərlə uduzaraq mübarizəni dayandırdı, daha sonra Slovakiyanın "Dunajskaya Stredu" və "Osiyek" komandalarını mübarizədən kənarlaşdırdı, yalnız "Omoniya" onları qrup mərhələsinə keçməyə mane oldu.
"Osiyek" komandası "Zirə"ni zəif komanda kimi qəbul etdi və nəticədə penaltilərlə uduzaraq mübarizəni dayandırdı. "Hayduk" buna yol verməməlidir və hər iki matça ciddi yanaşmalıdır, xüsusən üçüncü ilkin mərhələnin püşkü çox əlverişli görünür və Avropada uğur qazanmaq üçün böyük imkan açır".
Sayt hətta "Şelburn" - "Qarabağ" matçı haqqında da danışıb. Yazdıqlarına görə oyunun ağır favoriti "Qarabağ"dır və "Şelburn"a möcüzə lazımdır.
Qeyd: "Zirə" - "Hayduk" oyunu bu gün 19:30-da Bakıda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved