"Zirə"nin rəqibi Rakitiç karyerasını başa vurdu
90plus.az xəbər verir ki, Xorvatiyanın "Hayduk Split" klubunda çıxış edən 37 yaşlı yarımmüdafiəçi İvan Rakitiç futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Təcrübəli futbolçu bu qərarını şəxsi sosial media hesabında paylaşdığı video ilə ictimaiyyətə çatdırıb. "Əziz futbol, sən həyatımın ilk günündən bəri mənim bir hissəm oldun" sözləri ilə başlayan paylaşımında Rakitiç duyğusal açıqlamalar verib.
Rakitiç paylaşımında bildirib:
"Futbol mənə xəyal etdiyimdən də artığını bəxş etdin. Mənə dostluqlar, hisslər, sevinclər və göz yaşları verdin. Mənə bir ömür verdin, həmişə qürurla xatırlayacağım bir ömür. İndi sənə vida deməyin vaxtıdır. Çünki səndən ayrılsam da, məni heç vaxt tərk etməyəcəyini bilirəm."
İvan Rakitiç Xorvatiya millisində 106 oyuna çıxıb və 15 qol vurub. Klub karyerası ərzində o, "Bazel", "Şalke 04", "Sevilya", "Barselona", "Əl-Şabab" və son olaraq "Hayduk Split" kimi klubların formasını geyinib.
Qeyd: "Zirə" Konfrans Liqasının ilk mərhələsində "Hayduk Split"in rəqibi olub.
© Copyright 2026, All Rights Reserved