“Al Hilal” “Man Siti”ni udub 1/4-ə keçdi
Son çempion "Mançester Siti” Klubların Dünya Çempionatından kənarlaşdırıldı – “Əl-Hilal”la 7 qolluq möhtəşəm dramatika yaşandı.
90plus.az xəbər verir ki, “Mançester Siti” Klubların Dünya Çempionatının 1/8 final mərhələsində Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna əlavə vaxtda məğlub olaraq turnirdən kənarlaşdırılıb. Möhtəşəm 7 qolluq qarşılaşmada “Siti”nin müdafiə baxımından zəif çıxışı İngiltərə təmsilçisini yarışdan erkən uzaqlaşdırdı.
Pep Qvardiolanın komandası qrup mərhələsini problemsiz keçsə də, bu dəfə dörddəbir finala yüksələ bilmədi. “Siti” ardıcıl dördüncü oyunda da sürətli start aldı və ilk 10 dəqiqədə hesabı açdı – kapitan Bernardo Silva rəqib müdafiəsinin səhvindən sonra yaxın məsafədən fərqləndi. Lakin bu epizodda Rayan Aytnuri topa əllə oynadığı üçün “Əl-Hilal” oyunçuları narazılıq etdi.
Matçın qəhrəmanlarından biri – “Əl-Hilal”ın qapıçısı Bono idi. O, əvvəlcə Savinyonu və İlkay Gündoğanı yaxın məsafədən qoluna imkan vermədi, daha sonra Yoşko Qvardiolun baş zərbəsini sensasiyalı şəkildə qapı tirinin üzərindən çıxardı.
Birinci hissədə passiv görünən “Əl-Hilal” ikinci hissəyə əsl fırtına kimi başladı. Cəmi 44 saniyə sonra braziliyalı hücumçu Markos Leonardo baş zərbəsi ilə hesabı bərabərləşdirdi. 52-ci dəqiqədə isə “Barselona”nın sabiq futbolçusu Malkom fərdi ustalığı ilə komandasını önə keçirdi. Bu qoldan cəmi üç dəqiqə sonra Erlinq Haaland künc zərbəsindən sonra topu tora göndərərək tarazlığı bərpa etdi.
Qarşılaşmanın sonlarında Manuel Akanji topu dirəyə vurdu, ardınca isə Haalandın zərbəsini Əli Ləcami qapı xəttindən çıxardı. Görüş əlavə vaxta keçdi.
Əlavə vaxtda sabiq “Çelsi” müdafiəçisi Kalidu Kulibali 94-cü dəqiqədə baş zərbəsi ilə “Əl-Hilal”ı önə keçirsə də, əvəzləyici Fil Foden dar bucaq altında vurduğu qolla hesabı 4:4 etdi. Amma son sözü yenə Markos Leonardo dedi – 112-ci dəqiqədə yaxın dirəkdə topa toxunaraq “Əl-Hilal”a möhtəşəm qələbə qazandırdı.
Qollar: https://t.me/doxsanplus/104737
Yenilənmiş formatda keçirilən Klubların Dünya Çempionatı bəzi çevrələrdə tənqid olunsa da, bu oyun futbolsevərlərə unudulmaz gecə yaşatdı. Görüş İngiltərədə saat 04:45-də başa çatsa da, yuxusuz qalanlar buna dəyər anlar izlədi. Səudiyyə Ərəbistanı təmsilçisinin Premyer Liqa nəhəngini yarışdan uzaqlaşdırması dünya futbolunda rezonans doğurdu.
34 yaşlı qapıçı Bono 10 seyv etməklə komandasını oyunda saxladı. Amma bu oyunun əsl qəhrəmanı 22 yaşlı Markos Leonardo oldu – iki qolla adını turnirin tarixinə yazdırdı.
“Mançester Siti” üçün turnir erkən başa çatdı, “Əl-Hilal” isə Orlandoda qalaraq cümə günü Braziliyanın “Fluminense” klubuna qarşı 1/4 final oyunu keçirəcək. Bu cütün qalibi yarımfinalda “Çelsi” – “Palmeyras” görüşünün qalibi ilə qarşılaşacaq.