Çempionlar Liqası, Final: PSJ və “Arsenal” milyonlar qazandı
Çempionlar Liqasının finalı milyonlar qazandırdı: PSJ və “Arsenal”ın gəlirləri açıqlandı.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının finalına yüksələn PSJ və “Arsenal” yalnız idman uğurları ilə deyil, maliyyə baxımından da mövsümün ən böyük qazananları sırasında yer alıblar.
Avropa futbolunun ən nüfuzlu klub turnirində iştirak hər iki komandaya böyük gəlir gətirib. UEFA-nın ayırdığı vəsaitlər sayəsində Paris və London təmsilçiləri artıq büdcələrinə on milyonlarla avro əlavə ediblər.
Məlumata əsasən, hər iki klub turnirin liqa mərhələsində iştirakına görə 18,62 milyon avro əldə edib. Sonrakı mərhələlərdə isə komandaların qazancı göstərdikləri nəticələrdən asılı olaraq formalaşıb. Bu baxımdan “Arsenal” 16,8 milyon avro, PSJ isə 10,8 milyon avro mükafat qazanıb.
Ən böyük maliyyə payı isə pley-off mərhələlərindən gəlib. Hər iki komanda nokaut raundlarında irəlilədikcə təxminən 59 milyon avro gəlir əldə edib.
Beləliklə, PSJ-nin bu mövsüm Çempionlar Liqasından qazandığı ümumi məbləğ 88,42 milyon avroya çatıb. “Arsenal”ın gəliri isə daha yüksək olub – İngiltərə təmsilçisi turnirdən ümumilikdə 94,42 milyon avro qazanıb.
Final matçının nəticəsi də klubların büdcəsinə təsirsiz ötüşməyəcək. Belə ki, Çempionlar Liqasının kubokunu başı üzərinə qaldıracaq komanda əlavə 6,5 milyon avro bonus əldə edəcək.
Bu səbəbdən həlledici qarşılaşma yalnız Avropanın ən güclü klubunun müəyyənləşməsi deyil, həm də milyonlarla avroluq mükafat uğrunda mübarizə kimi qiymətləndirilir.
© Copyright 2026, All Rights Reserved