Ançelotti: “Əgər babamın təkərləri olsaydı, maşın olardı”
Ançelotti Neymara görə heyətdə dəyişiklik etməyəcək: “Neymar da daxil bu 26 futbolçu Dünya Çempionatında oynayacaq”
90plus.az xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Carlo Ancelotti zədəli olmasına baxmayaraq, Neymar üçün heyətdə dəyişiklik etməyəcəyini açıqlayıb.
İtaliyalı mütəxəssis bildirib ki, Neymarın bərpası planlaşdırıldığı kimi davam edir və o, Dünya Çempionatının ilk oyununu buraxsa belə, növbəti matçlarda komandaya kömək edə biləcək.
“Biz onun Mərakeşlə ilk oyuna hazır olacağını düşünürdük. Əgər ilk matça çatmasa, ikinci oyuna hazır olacaq. Buna görə də heç bir şübhəmiz yoxdur. Heyətdə dəyişiklik etməyəcəyəm. Seçilmiş 26 futbolçu Dünya Çempionatında çıxış edəcək”, – deyə Ançelotti bildirib.
Neymar mayın 17-dən etibarən sağ baldır nahiyəsindən aldığı zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıb. Əvvəlcə futbolçunun klubu "Santos" zədəni ödem kimi qiymətləndirmiş və onun qısa müddətdə sağalacağını açıqlamışdı. Lakin millinin düşərgəsində aparılan əlavə müayinələr nəticəsində Neymarın ikinci dərəcəli əzələ dartılması keçirdiyini müəyyənləşib. Bu səbəbdən onun daha 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Ançelotti Neymarın heyətə çağırılması ilə bağlı sualı da zarafatla cavablandırıb.
Jurnalist ondan soruşub: “Əgər Neymarın zədəsinin əslində ikinci dərəcəli əzələ dartılması olduğunu əvvəlcədən bilsəydiniz, onu yenə də heyətə çağırardınızmı?”
Ançelotti belə deyib:
“Əgər babamın təkərləri olsaydı, maşın olardı. Heyəti müəyyənləşdirəndə Neymar həmin 26 futbolçunun arasında idi”. (Yəni "əgər"lərin mənası yoxdur)
Baş məşqçi əlavə edib ki, futbolçu ilə şəxsi söhbət aparıb və Neymar hazırda formasını bərpa etmək üçün intensiv şəkildə çalışır.
Braziliya yığması Dünya Çempionatındakı ilk oyununu iyunun 13-də Mərakeş millisinə qarşı keçirəcək. Komanda daha sonra iyunun 18-də Haiti və iyunun 23-də Şotlandiya ilə qarşılaşacaq.