Bellingem qardaşına qarşı oyunu buraxacaq
"Borussiya Dortmund" 1/8 finalda qalib gəldi, lakin Cob Bellingem "Real Madrid"lə oyunu buraxacaq.
90plus.az xəbər verir ki, "Borussiya Dortmund" Klublararası Dünya Kubokunun 1/8 final mərhələsində "Monterrey" üzərində qələbə qazansa da, alman təmsilçisinin futbolçusu Cob Bellingemin aldığı sarı vərəqə onun qardaşı Cud Bellingemin çıxış etdiyi "Real Madrid"ə qarşı 1/4 final oyununda iştirak etməsinə mane olacaq.
19 yaşlı futbolçu qarşılaşmanın ilk hissəsində Nelson Deossaya qarşı sərt müdaxiləyə görə sarı vərəqə ilə cəzalandırılıb. O, daha əvvəl qrup mərhələsində "Ulsan HD" ilə matçda da sarı vərəqə aldığı üçün növbəti oyunu buraxacaq.
Turnirin qaydalarına əsasən, iki müxtəlif oyunda alınan iki sarı vərəqə bir oyunluq cəzaya səbəb olur. Bu cəzalar yalnız 1/4 final mərhələsindən sonra ləğv edilir.
"Borussiya Dortmund"un baş məşqçisi Niko Kovaç bu barədə açıqlamasında bildirib:
"Fikrimcə, hamımız gördük ki, Cob çox məyus oldu. Düşünürəm ki, o, ikinci sarı vərəqənin cəza gətirdiyini fasilədə öyrəndi. Bir qədər təəccübləndi.
Amma hələ cavan futbolçudur. Qardaşı da gəncdir. Əminəm ki, gələn mövsüm Çempionlar Liqasında və ya gələcəkdə yenidən üz-üzə gələcəklər. Gələcək onundur.
Klublararası Dünya Kubokunda qarşılaşmaları gözəl olardı, amma bu dəfə alınmadı. Onun yerinə başqası oynayacaq, bu da normaldır."
© Copyright 2026, All Rights Reserved