FIFA-nın Qvardiolaya cəzası gündəmdə
FIFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində İngiltərə təmsilçisi "Mançester Siti" ilə Səudiyyə Ərəbistanı klubu "Əl-Hilal" qarşı-qarşıya gəldi.
90plus.az xəbər verir ki, ABŞ-ın Orlando şəhərində yerləşən "Camping World" stadionunda keçirilən gərgin qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatdı. Lakin əlavə dəqiqələrdə üstünlüyü ələ alan "Əl-Hilal" 4:3 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırdı. Bu nəticə ilə "Mançester Siti" turnirdə mübarizəni dayandırdı.
Matçın son dəqiqələrində baş verən hadisələr isə gündəmə damğa vurdu. "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola görüşün baş hakimi ilə yaşadığı gərgin mübahisə ilə diqqət çəkdi. Komandasının futbolçusu Ceremi Doku rəqib müdafiəçi Kaionun müdaxiləsindən sonra yerə yıxıldı. Lakin hakim oyunu davam etdirdi və son fit səsləndi. Bu qərar "Mançester Siti" düşərgəsində narazılığa səbəb oldu. Qvardiola dərhal hakimin üzərinə gedərək aqressiv şəkildə etirazını bildirdi.
Bu davranışlar səbəbilə FIFA tərəfindən araşdırma başladılıb. “Football Insider”in məlumatına görə, təşkilat qarşılaşmanın hakiminin təqdim edəcəyi hesabatı gözləyir. Əgər hesabatda Qvardiolanın davranışı qeydə alınarsa, ispaniyalı mütəxəssis cərimə və texniki zonaya giriş qadağası ilə üzləşə bilər.
Geridə qalan mövsümdə nə UEFA Çempionlar Liqasında, nə də Premyer Liqada istədiyi nəticəni əldə edə bilməyən "Mançester Siti" üçün bu məğlubiyyət daha bir zərbə oldu. Oyundan sonra mətbuata açıqlama verən Pep Qvardiola komandasının mübarizəsinə rəğmən turnirdən ayrılmağın təəssüf doğurduğunu bildirib:
"Bu mərhələdə bütün matçlar çətindir. Çox sayda hücum təşkil etdik, amma Bunu əla qurtarışlar etdi. Əlavə deyiləcək bir şey yoxdur. Komandanın vəziyyəti yaxşıdır, lakin indi evə qayıdırıq. İstirahət edib, zehni olaraq bərpa olmalı və növbəti mövsümə hazırlaşmalıyıq."
İspan mütəxəssis həmçinin bildirib ki, turnir boyunca futbolçular və texniki heyət arasında pozitiv bir atmosfer yaşanıb:
"Burada çox gözəl anlar yaşadıq. Komandadakı əlaqələr və atmosfer məni sevindirdi. Təəssüf ki, turnirdə davam edə bilmədik. 'Əl-Hilal' güclü komandadır və bu mərhələni haqlı olaraq keçdi."