"Şanslarımızı Bakıya saxlamaq istəyirik" - Rəşad Sadıqov
Konfrans Liqasının ilk pley-off oyununda səfərdə Kipr klubu "Omoniya" ilə qarşılaşacaq təmsilçimiz "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyunöncəsi fikirlərini deyib.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis sabah önəmlivə maraqlı oyun olacağına diqqət çəkib:
"Artıq iki aya yaxındır ki, avrokuboklarda çıxış edirik. Rəqib komanda təcrübəli və keyfiyyətli futbolçulardan təşkil olunub. "Omoniya" Azərbaycan futbol camiəsinə tanış rəqibdir. "Qarabağ" və "Qəbələ"yə qarşı mübarizə aparıblar.
Heyətlərini yeni futbolçularla gücləndiriblər. Bu, onların çıxışlarına müsbət təsir edib. Sabah azarkeşlər maraqlı və gərgin oyuna şahidlik edəcəklər".
Oyunöncəsi futbolçularla danışıqlar: "Mənim yerimdə kim olsa, işini görəcək, müəyyən danışıqlar aparacaq. Futbolçular da vəziyyəti dərk edir, necə vacib görüş olduğunu bilirlər. Pley-off əvvəlki mərhələlərdən fərqlənir. Bizi ilk olaraq sabahkı 90 dəqiqə maraqlandırır ki, səfərdə uğurlu çıxış edə bilək. Şanslarımızı Bakıya saxlamaq istəyirik. İnşallah, cavab oyununda doğma azarkeşlərimiz qarşısında istədiyimiz nəticəni əldə etmək və mərhələni adlamaq istəyirik. Bununla bağlı iş gedir. İnşallah, nəticəsini də sabahkı oyunda görərik".
Qeyd: "Omonia - Zirə" oyunu 22 avqust - sabah saat 21:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Bakıda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved