İqor Tudor: “Luka Modriç kimi futbolçu 300 ildən bir doğulur”
Xorvatiyalı baş məşqçi İqor Tudor Klubların Dünya Çempionatında “Yuventus”un “Real Madrid”ə qarşı keçirəcəyi 1/8 final oyunu öncəsi Luka Modriçi tərifləyib. O, belə oyunçuların “Xorvatiyada 300 ildən bir dünyaya gəldiyini” deyib.
90plus.az xəbər verir ki, Tudor Mayamidə keçirilən mətbuat konfransında belə deyib:
“4 milyondan az əhalisi olan bir ölkədə Luka Modriç kimi futbolçu 300 ildən bir doğulur. O, təkcə böyük futbolçu deyil, həm də gözəl bir insandır. Bunu bəlkə də hər kəs bilmir. Mən onu çox sevirəm və ümid edirəm ki, bu oyundan hələ uzun müddət zövq almağa davam edəcək. Axı cəmi 40 yaşı var.”
Tudor eyni zamanda “Real Madrid”in baş məşqçisi Xabi Alonsonun işinə də hörmətlə yanaşdığını bildirib və ondan “böyük şeylər” gözlədiyini qeyd edib:
“Komanda oyunu, səylər, bir komanda kimi oynayan “Real Madrid” gördüm. Sabah bizi çox çətin bir matç gözləyir. Rəqibi dərindən təhlil etmişik. Futbolçular haqqında danışmağa ehtiyac yoxdur. Onlara böyük hörmətim var. Amma oyunçularıma deyirəm ki, bu cür matçlar ən gözəl oyunlardır. Hər kəs “Real Madrid”i məğlub etmək istəyir. Bu qarşılaşmanı bir fürsət kimi qəbul etməliyik – həm diqqət, həm də cəsarətlə oynamalıyıq.”
O, sözlərinə belə davam edib:
“Bu komandaya hörmət çox yüksəkdir. Son 10 ildə “Real” hər turnirdə güclü olub. Biz irəliləmək istəyirik, əlimizdə olan imkanlardan maksimum istifadə etmək niyyətindəyik. Hazırlaşırıq, həm də ən yaxşı şəkildə. Ondan sonrası bəllidir – nə olacağını görəcəyik.”
Komandasının qarşılaşma öncəsi ruh halına da toxunan Tudor deyib:
“Sabah yeni bir oyundur. Biz çox yüksək səviyyəli bir rəqiblə üz-üzəyik. Əlimizə düşə biləcək ən yaxşı püşk deyildi. Amma inamlı olmaq lazımdır, hər yolla irəliləməyə çalışmaq lazımdır. Bunun üçün inam, çoxlu qaçış, fədakarlıq, az səhv və bir az da şans tələb olunur. Mən inanıram. Qalanını zaman göstərəcək.”