İtalyanlar Spalettinin yerinə adam tapdı - 11 ildən sonra yenidən
2026 Dünya Çempionatının seçmə mərhələsində Norveçə ağır məğlubiyyətdən sonra İtaliya millisində dəyişikliklər baş verir.
90plus.az xəbər verir ki, İtaliya Futbol Federasiyası baş məşqçi Lusiano Spalletti ilə yolları ayırıb. Onun yerinə ən güclü namizəd isə təcrübəli mütəxəssis Klaudio Ranyeridir.
Spalletti bu qərarı Moldova ilə oyun öncəsi mətbuat konfransında təsdiqləyərək bildirib:
“Şənbə axşamı Federasiya prezidenti Qabriyele Gravina ilə uzun bir görüşümüz oldu. Mənə vəzifəmdən alınacağımı söylədi. Ayrılmaq istəməzdim, amma bu artıq bir qərardır və mən onu qəbul etməliyəm.”
Spallettinin istefasının ardından İtaliya millisinin baş məşqçi postu üçün favorit adlardan biri olan Ranyeri ilə artıq danışıqların yekun mərhələyə çatdığı bildirilir. “La Gazzetta dello Sport”un xəbərinə görə, təcrübəli çalışdırıcı milli komandanı çalışdırmaq fikrinə müsbət yanaşır.
Son olaraq "Roma"da məsləhətçi rolunda fəaliyyət göstərən Ranyerinin bu vəzifəsini də davam etdirəcəyi gözlənilir. Paytaxt təmsilçisi də bu qərara müsbət yanaşır.
Karyerası boyunca bir çox tanınmış klubu – o cümlədən "Çelsi", "Yuventus", "İnter" və "Roma"nı çalışdıran Ranyeri, xüsusilə "Lester Siti" ilə qazandığı Premyer Liqa çempionluğu ilə yadda qalmışdı. Əgər Ranyeri İtaliya ilə müqavilə imzalasa, bu onun 11 ildən sonra milli səviyyədə baş məşqçi kimi dönüşü olacaq. O, sonuncu dəfə 2014-cü ildə Yunanıstan millisində çalışmışdı.
© Copyright 2026, All Rights Reserved